Benefisiarın uğuru – AQSİA-nın uğuru! 

Sahilə Əsədovanın uğur hekayəsi

BMT Qadın Agentliyi (UNWOMEN) və BMT Əhali Fondu (UNFPA) tərəfindən maliyyələşdirilən, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası tərəfindən icra olunan “Gender yönümlü və çoxtərəfli əməkdaşlıq vasitəsilə Davamlı inkişaf yolunda qadınların potensialının gücləndirilməsi və iqtisadi səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində layihənin Quba-Xaçmaz regionundan olan benefisiarlarının monitorinqi məqsədilə AQSİA komandası tərəfindən səfər təşkil olunub. 

Sabahinfo.az xəbər verir ki,  səfər zamanı bir sıra benefisiarların iş məkanlarına baş çəkilib. Qubadan olan benefisiar Sahilə Əsədovanın uğur hekayəsini təqdim edirik. 

Sahilə layihəyə qoşulduqda evdə həvəskar şirniyyatçı olmasını və bu işini gəlir gətirən bir fəaliyyətə keçirmək istədiyini bildirmişdi. Layihənin ilk təlimi gender həssaslığı təlimi idi və Sahilə bu təlimdə atası ilə  birlikdə iştirak etmişdi. Bundan sonrakı təlimlərdə də daim atası onu müşayiət etmiş və dəstək olmuşdu. 
Layihə çərçivəsində Sahilə şirniyyat üçün bir neçə avadanlıq əldə etmişdir. Bu qələbəsi və təlimlərdə öyrəndəyi biliklər nəticəsində, Sahilə təlimdə hazırladığı biznes plan əsasında bu işini kiçik bir biznesə çevirməyə başlayır. Marketinq təlimlərində də öyrəndiyi biliklərlə öz işini fəaliyyət göstərdiyi ərazi üzrə təşviq edir. 

Artıq Sahilə evdə deyil, ayrıca bir şirniyyat sexi götürmüş, əlavə 2 işçi də cəlb etmiş, çox sayda xırda avadanlıq almış, vitrinlərini bol çeşidli şirniyyatlar ilə doldurmuşdur. Bundan əlavə, Sahilə qənnadçılıq üzrə peşə ixtisası üzrə təhsil almış və hazırda həmin peşə məktəbində tədris etmək üçün mərkəzi imtahandan uğurla keçmişdir. 

Sahilə Əsədovanın fikirləri: “Layihəyə qoşularkən bu qədər faydalanacağımı, və layihənin mənim həyatımı belə dəyişəcəyini güman etmirdim. Hazırda işim çox yaxşı gedir, sifarişləri çatdıra bilmədikdə, ətrafımdakı qohumlarımı da köməyə çağırıram. Işimi sevirəm, əksər reseptləri özüm yaradıram, sınaqdan keçirirəm. Müştərilərimdən məhsullarımın dadı və keyfiyyəti haqqında hər gün onlarla müsbət rəy alıram.”