Əqli-qüsurlu kişi ilə əlaqədə olan çilingər məhkəmə qarşısında - TƏFƏRRÜAT

Seksual xarakterli hərəkətlər etməkdə ittiham olunan Ucar rayon sakini, 1960-cı il təvəllüdlü Aydın Hacızadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Sabahinfo.Az teleqraf.com-a istinadən xəbər verir ki, Aydın Hacızadə Tərtər regional Qaz istismar idarəsinin Mingəçevir xidmətində işləyib. O, idarənin Mingəçevir xidməti sahəsinin inzibati binasında 2014-cü ilin yay aylarında tanışı və əqli qüsurlu Kamil Əliyevə (ad və soyad şərti verilib) qarşı seksual xarakterli hərəkətlər edib. O, daha sonra aralarında olan münasibəti kiməsə açıqlayacağı təqdirdə ona xəsarət yetirəcəyini deyib. 
 

Aydın Hacızadə bu hədələrlə Kamil Əliyevə qarşı dəfələrlə seksual xarakterli hərəkətlər edib, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.
 
Aydın Hacızadə Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi ilə ittiham edilib. Cinayət işi Mingəçevir şəhər Məhkəməsində araşdırılıb. 

"Kamala tez-tez xırda pul vermişəm"
 

Təqsirləndirilən şəxs qismində ifadə verən Aydın Hacızadə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, evlidir və əvvəllər məhkum olunmayıb. Zərərçəkmiş Kamil Əliyevi 2007-ci ildən tanıdığını deyən təqsirləndirilən şəxsin sözlərinə görə, Kamil onun əvvəllər işlədiyi Mingəçevir şəhər qaz istismar sahəsinin yaxınlığında yerləşən binada yaşayır və həmin qaz idarəsinə tez-tez gəlib: "Qaz istismar sahəsində işləyən işçilər ona buyruq edərək, təmizlik işləri gördürürdülər. Mən də hamı kimi Kamili müxtəlif işlərə buyurmuşam.  Kamil ailəli olub və heç bir yerdə işləməməsinə görə qaz idarəsinin işçiləri, eləcə də özüm ona tez-tez xırda pul vermişəm. Kamil də bizim buyruğumuzu yerinə yetirib". 
 
"Ona yazığım gəldiyi üçün zəng etmişdim"
 
Təqsirləndirilən şəxsin sözlərinə görə, qaz istismar sahəsində 2007-ci ildən 2014-cü ilin dekabr ayına qədər çilingər vəzifəsində işləyib: "2015-ci ildən isə regional Bərdə rayon qaz idarəsində çilingər vəzifəsində işləməyə başlamışam. Həmin dövrdən sonra Kamil ilə nadir hallarda rastlaşmışam".
 
Aydın Hacızadə qeyd edib ki, 2015-ci ilin avqust ayının 3-də Kamil Əliyevə zəng edib, ona satmaq üçün dəmir parçalarının yerini göstərib. Təqsirləndirilən şəxs bildirib ki, bundan sonra Kamillə özünün yaşadığı Mingəçevir şəhəri, A.Məmmədiov küçəsi 6/2-nin yaxınlığında görüşüb: "Bir yerdə həmin dəmir parçaları olan yerə baxdıq, dəmirlərin  orada olmadığını gördük. Bu zaman Kamil susadığını bildirdi, onu yaşadığım evə dəvət etdim. Orada Kamilə evin dəhlizində su verdim. Həmin vaxt mənzildə özüm və Kamildən başqa heç kim olmayıb. Kamilin evdə olması 5 dəqiqə çəkib və özüm ona 40 qəpik verərək marşrutla yola saldım. Bundan sonra onunla görüşməmişəm. Kamillə başqa münasibətim olmayıb. Onun izahatında yazdıqları böhtandır. Psixi xəstə olduğu üçün ona köməklik göstərmişəm". 
 
"İşçilər mənə pul veriblər"
 
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Kamil Əliyevin sözlərinə görə, ailəlidir və himayəsində iki azyaşlı uşağı var: "Heç bir yerdə işləmirəm, 2-ci qrup əliləm. Ailəmi dolandırmaq üçün yaşadığım binanın yaxınlığında yerləşən Mingəçevir şəhər qaz idarəsinə gedərək orada işləyən işçilərə köməklik göstərmişəm, işçilər hər hansı bir əşya almaq üçün məni harasa göndərib və gedib onların dediklərini etmişəm. İşçilər isə bunun qarşılığı olaraq mənə pul veriblər. Ailəmi məhz belə yolla dolandırmışam". 
 
Zərərçəkmiş qeyd edib ki, 2014-cü ilin yayında Aydın onunla Mingəçevir şəhərində qaz idarəsinin mətbəxində qeyri-təbii yolla cinsi əlaqədə olub: "Aydın çaydanı su ilə doldurmaq adı ilə məni mətbəxə göndərdi, sonra isə özü mətbəxə gələrək, mənimlə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Sonra mənə xırda pul verdi. Aydın Hacızadədən qorxduğum üçün bu barədə heç kimə heç nə deməmişəm". 
 
Kamil Əliyev ilkin ifadəsində Aydın Hacızadə ilə bir neçə dəfə qeyri-təbii yolla cinsi əlqadə olduğunu bildirib: "Lakin həqiqətdə isə Aydın Hacızadə mənimlə bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olub. Aydın Hacızadə mənimlə qeyri təbii yolla cinsi əlqadə olarkən heç bir zorakılıq hərəkətləri etməyib". 
 
Kamil Əliyev onu da qeyd edib ki, 2014-cü ilin yayında gündüz çağı Aydın Hacızadə Mingəçevir şəhər qaz idarəsi binasının pilləkəni altında ona qarşı əxlaqsız hərəkətlər edib: "Həmin gün Aydın Hacızadə yenə də mənimlər qeyri-təbii yolla cinsi əlaqədə oldu və sonra xırda pul verdi. Bizim aramızda heç bir ədavət olmayıb. Təqsirləndirilən şəxslə barışmışam, ona qarşı heç bir şikayətim yoxdur".
 
Mingəçevir Məhkəməsinin hökmü ilə Aydın Hacızadə 1 il 11 ay 21 gün müddətinə islah işləri cəzası alıb. Hökmdən prokurorluq apelyasiya protesti verib. 
 
Prokurorluq Aydın Hacızadənin cəzasının ağırlaşdırılmasını istəyib. Prokurorluğun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.  Apelyasiya protesti hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə araşdırılıb. Şikayətin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.  Qərara görə, prokurorluğun protesti təmin edilib və Mingəçevir şəhər Məhkəməsinin hökmü ləğv edilib, Aydın Hacızadənin barəsində yeni hökm çıxarılıb. 
 
Hökmə əsasən, Aydın Hacızadə 2 il 11 ay 27  gün azadlıqdan məhrum edilib.  Onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib.