Ərdoğan Putinin paradla bağlı dəvətini rədd etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qələbənin 70 illiyi ilə bağlı mayın 9-da Rusiyada keçiriləcək parada qatılmayacaq. Türkiyə mətbuatının yazdığına görə, artıq Ankaranın imtina cavabı Kremlə çatdırılıb. Moskvadakı mərasimdə Türkiyəni Rusiyadakı səfir Ümit Yardım təmsil edəcək.
 
Son olaraq Türkiyə ilə Rusiya arasında qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı Ermənistanda keçirilən anma mərasiminə görə gərginlik yaşanıb. Həmin gün Türkiyədə Çanaqqala zəfəri qeyd olunmuş və Ərdoğan Rusiya prezidenti Vladimir Putinin Ermənistana yox, Türkiyəyə gəlməsini istəmişdi. Lakin Putin bu dəvətdən imtina edərək Yerevana «soyqırım qurbanlarını» yad etməyə getmişdi. Rusiyanın adından isə zəfər bayramına Dövlət Dumasının sədri Sergey Narışkin qatılmışdı.
 
Putinin 1915-ci il olaylarını «soyqırım» adlandırması, anma tədbirində iştirak üçün Ermənistana səfəri, həmçinin Rusiya parlamentinin qondarma soyqırımla bağlı sənəd qəbul etməsi Ankaranın sərt təpkisinə səbəb olmuşdu. Bütün bunlardan sonra Ərdoğanın paradda iştirak etməyəcəyi gözlənilən idi.

azadlıq.info