Uruqvayın "La Republica” qəzetinin və Uruqvay Xəbərlər Agentliyinin (UYPRESS) portallarında erməni icmasının təxribatına cavab verilib.
Məqalələrdə Xarici İşlər Nazirliyinin 30 avqust 2016-cı il tarixli bəyanatına uyğun olaraq Dağlıq Qarabağın Azərbaycanın tarixi torpağı olması və beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizin tərkib hissəsi kimi tanınması, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz edərək Dağlıq Qarabağ və yeddi rayon da daxil olmaqla Azərbaycanın 20% ərazisini işğal etməsi, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirərək bir milyon azərbaycanlını qaçqın və məcburi köçkünə çevirməsi, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanı Azərbaycanın işğal edilmiş ərazilərindən qoşunlarını dərhal, tam və qeyd-şərtsiz çıxarmağı tələb edən sənədlər barədə danışılıb.
Həmçinin, Uruqvay erməni icmasının keçirdiyi "Dağlıq Qarabağ Forumu” adlı tədbirin təxribatçı məqsədlərlə təşkil edildiyi, bu tədbirin münaqişənin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri tərəfindən aparılan danışıqlar prosesinə xələl gətirdiyi, regionda davamlı sülhün təmin olunması istiqamətində atılan səylərə fayda vermədiyi, xüsusilə indiki həssas məqamda vəziyyətin gərginləşməsinə və Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin təbliğinə xidmət etdiyi bildirilib.
Məqalələrə habelə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin göstərən xəritə də əlavə edilib.