Ermənistanın ətraf mühitin mühafizəsi naziri Aramais Qriqoryan də Azat çayının suyunun Azərbaycana nahaq yerə axıdıldığını deyib. "Məsələ burasındadır ki, bəzi aylarda su qıtlığı müşahidə oluna bilər, ancaq çayda əsasən su bolluğu var. Bu artıq suyu Ararat vadisinə yönəltmək lazımdır. Biz yaz daşqınları zamanı çox miqdarda su itiririk”, - deyə nazir qeyd edib.
Araz çayının sol qolu olan Azat çayı Ermənistanın Qeqam yaylasından başlanğıcını götürür. Ermənistanda dəfələrlə Azərbaycana qarşı belə təxribatçı çıxışlar edilib.
Bu tipli çıxışlar aprel hadisələrindən sonra daha da artıb. Ermənistan rəhbərliyi qondarma Dağlıq Qarabağ rejiminin "müstəqilliyinin” tanınmasını, aprel əməliyyatlarında itirilən ərazilərin danışıqlar predmeti olması kimi iddialarla çıxış edir.
İndi isə Ermənistan rəsmisi blokada vəziyyətində olan Naxçıvanın su təchizatına mane olmaqla bağlı təklif irəli sürür.
Məsələ ilə bağlı ekoloq Telman Zeynalov ANS PRESS-ə bildirib ki, Ermənistanın Azat çayının qarşısını kəsməsi Naxçıvanda su qıtlığına səbəb ola bilər. "Arazın qolu olan Azat çayı Ermənistandan Naxçıvan Muxtar Respublikasının ərazisinə axır. Naxçıvan əhalisi isə bu çayın suyundan əkinçilikdə istifadə edir. Susuzluq isə Naxçıvanın kənd təsərrüfatına ciddi ziyan vura bilər”, - deyə ekoloq qeyd edib.
Telman Zeynalov deyir ki, Ermənistan sərhəd çayları ilə bağlı beynəlxalq konvensiyalara qoşulmadığı üçün belə addımlar atmağa çəkinmir. "Əgər rəsmi İrəvan bu konvensiyalara qoşularsa, beynəlxalq təşkilatlar qarşısında öhdəliklər götürməlidir. Ermənistan təxribatçı əməllər törətmək üçün bu tip konvensiyalara qoşulmayıb”, - deyə Telman Zeynalov qeyd edib.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ANS PRESS-ə açıqlamasında Araz çayının qolu olan və Naxçıvanı su ilə təmin edən Azat çayının qarşısının kəsilməsi ilə bağlı məsələnin araşdırılacağını deyib. Ermənistan tərəfi sərhəd çayları ilə bağlı konvensiyalara qoşulmasa da Azərbaycan aidiyyəti təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir və konvensiyalara qoşulub. Bu səbəbdənRusiya, Gürcüstan və İranla sərhəd çayları ilə bağlı problemlər müşahidə olunmur.Amma Ermənistan ərazisindən Azərbaycana axan çayların, demək olar ki, hamısının üzərində su anbarı tikib. Bu anbarlar vasitəsilə qarşı tərəf Azərbaycana su axınını istədiyi formada tənzimləyir. Hətta yay aylarında çayların qarşısını almaqla Azərbaycan ərazisində su qıtlığı yaradır.
Məsələn, Ermənistan tərəfi bir neçə dəfə işğal altında olan Sərsəng su anbarının (Tərtərçay çayı üzərində yerləşir) qarşısını kəsərək Tərtər, Bərdə, Yevlax, Ağcəbədi, Ağdam və Goranboy rayonlarının əkin sahələrini susuz qoyub.