Bərpaolunan enerjidən istifadəyə düşünülmüş yanaşma

COP29 Azərbaycanın enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlığını daha da gücləndirəcək

 İqlim dəyişikliyinin baş verməsində əslində, daha çox hegemon ölkələrin üzərinə məsuliyyət düşür. Çünki həmin ölkələr məsələyə nisbətən laqeyd yanaşırlar. Dünyada iqlim dəyişmələri ilə bağlı təxmin edilən proqnozlar heç də ürəkaçan deyil. Aparılan hesablamalara görə, 1860-cı ildən başlayaraq temperaturun artması müşahidə edilir. Son yüz ildə dünyada temperatur 1 dərəcə artıb, 2100-cü ildə isə temperaturun 6 dərəcəyə qədər artacağı proqnozlaşdırılır. Eyni zamanda okeanda temperaturun 0,1 dərəcə artması müşahidə edilir. İqlim dəyişmələrinin ölkəmizdə müşahidə olunan ssenarilərinə də baxaq. Belə ki, Azərbaycanda temperaturun 2050-ci ildə 2-2,5 dərəcə, əsrin sonunda isə 4,3-5,2 dərəcə artacağı proqnozlaşdırılır. Son 10 il ərzində isə temperatur 0,4 dərəcə artıb. Buna görə də son illərdə ölkəmizdə alternativ enerji mənbələri yaradılır. İlk olaraq kiçik çaylarda mini su-elektrik stansiyaları tikilib. Bununla yanaşı, külək və günəş enerjisindən də səmərəli istifadə edilir. Çünki, ölkəmizdə Günəş və külək kifayət qədərdir. Azərbaycan dövləti tükənməyən bu təbii sərvətlərdən səmərəli istifadə edir. Perspektiv inkişaf baxımından mütləq alternativ və bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində Prezident İlham Əliyev tərəfindən aidiyyəti orqanlar qarşısında konkret vəzifələr qoyulub. Ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrini istismara cəlb etməklə enerji resurslarından istifadənin səmərəliliyini yüksəltmək məqsədilə Prezident tərəfindən ilk dəfə 2004-cü il 21 oktyabr tarixində “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" təsdiq edilib. Bu sahəyə yerli və xarici özəl şirkətlər cəlb edilib. Prezident İlham Əliyevin cari ilin 21 iyun tarixində “Euronews”a verdiyi müsahibəsində qeyd edib ki, milli enerji şəbəkəmizi gücləndirməliyik: “Sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalıyıq... Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun. Yalnız daxili gündəliyimizdən asılı olan və həll edilməli bir çox məsələlər, şübhə etmirəm ki, tam reallaşacaq. Lakin beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik”.

Hazırda dövlətimiz tərəfindən "Xəzər-Qara dəniz-Avropa", "Azərbaycan-Türkiyə-Avropa" və "Mərkəzi Asiya-Azərbaycan-Avropa" yaşıl enerji dəhlizlərinin yaradılması ilə bağlı addımlar atılmaqdadır.

Qeyd edək ki, Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəni iyunun 4-də  Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgisində iştirak edərkən verib. Buna görə də cənab Prezident müsahibəsində Bakı Enerji Həftəsinin əhəmiyyətindən də danışıb: “Konfrans enerji sektorunda ölkəmizin qlobal liderliyini əks etdirir. Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox nümayəndə iştirak etmişdir. Tədbir artıq 30 ildir keçirilir. Birinci tədbir hələ 1994-cü ildə təşkil olunmuşdur. Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmur. Bu tədbirin bütün illəri belə olub və bu, əslində, onun unikal mahiyyətini və gücünü nümayiş etdirir”.

Bakı Enerji Həftəsində Azərbaycana yaşıl enerji sahəsində qoyulan sərmayələr də diqqət məkəzində olub. Rəsmi verilən məlumatlara görə, bir milyard ABŞ dollarına yaxın investisiya dəyərinə malik 1 000 MVt gücündə günəş-külək elektrik stansiyalarından əlavə yaxın vaxtlarda Şərqi Zəngəzurda BP və "Nobel Energy" şirkətləri ilə daha iki günəş stansiyasının təməlinin atılacağı, 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası üzrə ilk hərracın nəticəsinin isə COP zamanı elan ediləcəyi gözlənilir.

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində bir sıra ölkələr və beynəlxalq təşkilatlar Azərbaycanla bərpaolunan enerji və iqlim dəyişmələri ilə bağlı tədbirlər həyata keçiriləcək. Bu istiqamətlərdə Azərbaycanla xüsusi bəyannamələr imzalanacaq və görüləcək tədbirlər istiqamətində addımlar atılacaq. Eyni zamanda digər əməkdaşlıq istiqaməti isə investisiyaların aşağı emissiya yönümlü olması, yeni texnologiyaların tətbiqi ilə bağlı investisiya proseslərinin gücləndirilməsinə dair olacaq. Cənab Prezidentin dediyi kimi, Azərbaycan COP zamanı və ondan sonra sədrliyimiz davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər. Bütün bunlar Azərbaycanın enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlığını daha da gücləndirəcək.

 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu