Vahid Əhmədov: "Qiymət artımının əsas səbəblərindən biri vergi və rüsumların yüksək olmasıdır”
Kərə yağının qiymətinin bahalaşması digər məhsulların da qiymətinin qalxa biləcəyi ilə bağlı narahatlığa yol açıb. Maraqlıdır, yaxın gələcəkdə ərzaq məhsullarının qiymətində artım gözlənilirmi?
Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov qiymət artımının hazırda da müşahidə edildiyinə diqqət çəkdi:
"Bütövlükdə qiymət artımı müşahidə edilir və bununla bağlı fikirlər Milli Məclisdə də səsləndirildi. Doğrudur, Avropada da bəzi məhsulların qiymətinin qalxdığı iddia olunur.
Hesab edirəm ki, qiymət artımının əsas səbəblərindən biri vergilərin yüksək olmasıdır. Gömrük rüsumları da bahadır. Azərbaycanda istehsal olunmayan məhsulalrın gətirilməsi ilə bağlı rüsumlar, xüsusilə də bu, ərzaq məhsullarıdırsa, aşağı olmalıdır.
Ölkəyə gətirilən kərə yağına görə hardasa 37-38% vergi ödəyirlər. Bura gömrük vergisi, digər rüsumlar daxildir. Əgər belə bir problem varsa, hökumət vergiləri, rüsumları aşağı salmalıdır ki, bazarda qiymətlə bağlı ciddi problem yaranmasın”.