“Bu gün Azərbaycanın əldə etdiyi uğurların əldə edilməsində parlament diplomatiyasının da özünəməxusus yeri və rolu var. Müasir dövrdə dövlətlərarası və beynəlxalq platformalarda parlament diplomatiyasının çox böyük rolu var və bu danılmazdır. Məhz bunun nəticəsidir ki, son illərdə parlament diplomatiyası yürüdülən xarici siyasətin priorotetini təşkil edir. Azərbaycan parlamenti də hər zaman cənab Prezidentin yürütdüyü həm daxili, həm də xarici siyasətə dəstək verib, parlament diplomatiyası vasitəsi ilə ölkə başçısının yürütdüyü siyasətin uğur əldə etməsi istiqamətində fəaliyyət göstərib və göstərməkdədir”.
Bunu “Ölkə.Az”a açıqlamasında deputat İltizam Yusifov deyib.
Onun sözlərinə görə, son illərdə həyata keçirilən parlament diplomatiyası nəticəsində Azərbaycanın beynəlxalq münasibətlər sistemində və beynəlxalq platformalarda mövqeyini daha da möhkəmləndirib və dünya ölkələri ilə daha sıx əməkdaşlıq münasibətləri qurmaqdadır.
“Cənab Prezidentin parlament diplomatiyasına verdiyi önəmin nəticəsidir ki, bu gün Azərbaycanda beynəlxalq və regional təşkilatların parlament şəbəkələrinin toplantılarının keçirilməsi bir ənənə halını alıb. Təkcə son bir neçə ayda parlament diplomatiyası çərçivəsində Azərbaycan neçə-neçə belə beynəlxalq səviyyəli tədbrilərə və toplantılara ev sahibliyi edib.
Bundan əlavə olaraq davamlı olaraq dünyanın ən müxtəlif ölkələrinin parlament nümayəndələri ölkəmizə səfər edir. Dünya ölkələrinin parlamentləri ilə sıx əməkdaşlıq və dostluq münasibətləri qurulur. Bu münasibətlər bir yandan ölkələrimiz arasında əlaqələrin inkişafına xidmət edirsə, digər tərəfdən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin beynəlxalq platformalarda dəsətklənməsində xüsusi rol oynayır”- deputat qeyd edib.
O əlavə edib ki, bu baxımdan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı da çox mühüm əhəmiyyət kəsb edir: “BMT-dən sonra dünyada ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin konfransının Bakıda uğurla keçirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı əhəmiyyətli roldan və ona verilən böyük qiymətdən xəbər verir. Çünki Azərbaycan üzərinə düşən missiyanı hər zaman layiqincə yerinə yetirdiyindən beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınıb. Azərbaycan da Qoşulmama Hərəkatına sədrlik etməklə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirərək təşkilatın daha nüfuzlu bir institusional quruma çevrilməsi istiqamətində ciddi addımlar atıb. Azərbaycan eyni zamanda təşkilat üzv ölkələrin problemlərini bütün beynəlxalq platformalarda qaldıraraq, beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq, maraqlarını müdafiə edib. Beynəlxalq aləm COVİD-19 pandemiyası zamanı bunun şahidi oldu. Azərbaycanın təşəbbüsü ilə beynəlxalq səviyyədə pandemiyaya qarşı effevktiv mübarizə aparılması, peyvənd millətçiliyinə qarşı sərt mövqeyi, pandemiyadan əl çəkən 50-dən artıq ölkəyə birbaşa yardım etməsi və sairi göstərə bilərik. Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya, ayrıseçkiliyə qarşı mübarizə aparıb və bundan sonra da bu yöndə fəaliyyətini uğurla davam etdirəcək.
Parlament Şəbəkəsinin toplantısı isə parlament diplomatiyası baxımdan Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmlənməsi və ölkələrarası əlaqələrin daha da inkişaf etməsi, maraqlarının təmin olunması baxımdan öz müsbət töhfəsini verəcək”.