Beynəlxalq Poeziya Günü qeyd olundu

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası 21 mart – Beynəlxalq Poeziya Günü ilə əlaqədar 167 №-li tam orta məktəbdə poetik aksiya təşkil etdi. Poetik aksiyada 7-8-9-10-cu sinif şagirdləri iştirak etdilər.
M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın əməkdaşı Lalə Səlimova YUNESKO-nun qərarı ilə dünyanın hər yerində poeziya bayramı kimi qeyd olunan gün haqqında məlumat verdi. Uşaq şöbəsinin müdiri Sevil Namazova çıxışında qeyd etdi ki, poeziya uşaqların mənəviyyatının zənginləşməsində böyük rol oynayır. Azərbaycan şairləri, bütövlükdə, Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatının inkişafına güclü təsir göstərib, özünəməxsus poeziya məktəbi yaradıblar.

Məktəbin tarix müəllimi Həsrət Səmədov vurğuladı ki, dünyanın bir sıra mədəni xalqlarının ədəbiyyatı kimi, bəşəriyyətin söz xəzinəsini zənginləşdirən Azərbaycan poeziyası da xalqımızın tarixi qədər qədim, mənəviyyatı qədər zəngindir. Məktəbin müəllimləri – Məlahət Rəvanova, Şəlalə Zərbəliyeva, Şəhla Rüstəmova, Cəlalə Səfərəliyeva çıxışlarında qeyd etdilər ki, xalqımız öz qüdrətli sənətkarlarının xatirəsini daim uca tutur, onların poeziyasını qoruyaraq nəsildən-nəslə ötürür.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın böyük metodisti İradə Hüseynova Nüsrət Kəsəmənli poeziyasına müraciət edərək, poetik aksiyanı şagirdlərə ötürdü. Məktəbin şagirdləri – Nigar Dadaşova, Murad Həmidov, Şahin Həşimov, Dəniz Babaşzadə, Rəvan Məmmədov Azərbaycan poeziyasının tanınmış nümayəndələrinə xalq şairləri Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Vaqif Səmədoğlunun şeirlərini söylədilər.