Azərbaycanın Baş naziri Novruz Məmmədov Fransa Prezidentinin
Fərmanı ilə "Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib.
Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilən
məlumata görə, Baş nazirə ordeni Fransa hökuməti adından Bakıda səfərdə
olan Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Mer təqdim edib.
Fransız dilinin, ədəbiyyatının peşəkar tədqiqatçısı Novruz Məmmədov
bu ali mükafata Azərbaycan-Fransa əməkdaşlığına verdiyi töhfəyə görə
layiq görülüb.
Bu xoş xəbəri çatdırmaqdan məmnun olduğunu bildirən Fransanın
İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Mer, ölkəsinin Baş Nazir Novruz
Məmmədova xüsusi hörmət və ehtiramı olduğunu vurğulayıb. Baş Nazir
Novruz Məmmədov isə öz növbəsində bu ali mükafata layiq görüldüyünə görə
Fransa dövlətinə və fransız xalqına minnətdarlığını bildirib.
Qeyd edək ki, "Şərəf Legionu” ordeni 1802-ci ildə Napoleon Bonapard
tərəfindən təsis edilib. Fransanın ən yüksək dövlət mükafatı olan
"Şərəf Legionu” ordeninin 5 dərəcəsi vardır. Fransa və onun xalqı
qarşısında xüsusi xidmətləri olan şəxslərə verilən "Şərəf Legionu”
ordeninin zabit dərəcəsinə indiyədək dünyanın bir çox görkəmli insanları
layiq görülüb.