Tanınmış kamança ifaçısı Təbriz Yusubov ona qarşı olan diqqətsizlik barədə facebook səhifəsində məlumat yayıb.
Təbriz Yusubov xarici səfərlərə onu göndərmədiklərini, yalnız 2-3 tar-kamança ifaçılarını göndərdiklərini qeyd edib.
Sabah.info məlumatı olduğu kimi çatdırır:
"Ölkənin birinci xanımı Mehriban Əliyevaya aşağıda qeyd etdiyim məsələ ilə bağlı rəsmi müraciət edəcəm. Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın sərvəti olan muğam sənətini yenidən dirçəltdi. Biz sənətə ilk addımlarımızı atanda ancaq yaşlı sənətkarları tanımışıq. O vaxt gənclər önə çıxa bilmirdi. Lakin indi meydanda yaşlı sənətkarlarla yanaşı gənc ifaçılar da fəaliyyət göstərir. Etiraf edək ki, günü-gündən gənclər yetişir, inkişaf edir. Bu şəraiti bizə Mehriban xanım yaradıb.
Amma indiki vəziyyətdə mən və mənim kimi digər instrumental ifaçılar onlara qarşı olan diqqətsizliyə görə həvəsdən düşürlər. Xarici səfərlərə bir-iki musiqiçidən başqa heç kimi göndərmirlər. Xanəndələrə diqqət və qayğı var. Onları xarici səfərlərə göndərirlər. Bəs yerdə qalan istedadlı instrumental (tar-kamança) ifaçılarını niyə göndərmirlər xarici səfərlərə? Səbəb nədir? Bizi bəyənmirsiniz? Bu bəyənmədiyiniz tar-kamança ifaçıları Mehriban Əliyevanın dəstək verdiyi muğam sənətini gələcəyə aparan şəxslərdir.
Günahın bir ucunu Mədəniyyət Nazirliyində xidmət göstərən bəzi əməkdaşlarda görürəm”.