BİGANƏLİYİMİZİN ACI NƏTİCƏLƏRİ

Ramiz Həsənov,
“Borçalı Cəmiyyəti” İctimai Birliyinin sədri


Bizim “Borçalı Cəmiyyəti” İctimai Birliyi yarandığı gündən Gürcüstanda azərbaycanlıların kompakt şəkildə yaşadığı Kvamo Kartli (Borçalı) bölgəsində, Tbilisi, Marneuli, Qaraçöp və s. yerlərdə soydaşlarımızın hüquqlarını bu və digər şəkildə pozulması, iranlı missionerlərin ciddi şəkildə Xomeyni ideyalarını, həmçinin şiəliyi təbliğ etməsi, İslam ideallarını deyil, Tehranın maraqlarını yaymaqla məşğul olmaları barədə həyəcan təbili çalırdı.

Qeyd edim ki, İranın birbaşa dəstəyilə Gürcüstanda “Əhli-Beyt”, “Əlül-Beyt”, “Ali-hikmət” dini cəmiyyətləri yaradılmış və onların “Zeynəb”, “Fatimə” təşkilatları şiə adı altında gizlənib, qısa zamanda etnik azərbaycanlılar arasında ciddi təbliğat şəbəkəsi formalaşdırmağa nail olmuşlar. İranın bəzən açıq, bəzən isə dolayı yollarla həqiqətən də Gürcüstan azərbaycanlılarını öz ideoloji və siyasi təsir dairəsinə daxil etmək üçün addımlar atdığını dəfələrlə bildirmişik.

İranın Gürcüstanda dövlət səviyyəsində missionerlik fəaliyyətinin bariz nümunısi kimi qeyd edim ki, hələ 2005-ci ildə burada səfir olmuş Müctəba Dəmirçi azərbaycanlıların sıx yaşadıqları rayonlara səfər etmiş, “Əhli-Beyt” cəmiyyətinin çətiri altında fəaliyyət göstərən fəal aktivistlərlə görüş keçirmiş və İranın azərbaycanlı dindarların problemlərinin həlli üçün əlindən gələni əsirgəməyəcəyinə söz vermişdi.

Gürcüstanda Azərbaycan səfirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin mövcud olduğu halda İranın Borcalı bölgəsində dini məsələlərin həllində canfəşanlıq göstərməsi soydaşlarımız arasında məzhəb ayrı-seçkiliyinə zəmin yaratdı. Bu ilin avqust ayında Aşura vaxtı İranlı missionerlər yerli camaatı yürüşə çıxarmış, onları sinə vurmağa təhrik etmiş və İranın Gürcüstandakı səfiri də bu yürüşdə iştirak etmişdir.

İran SSRİ-nin süqutundan sonra yaranmış boşluqdan istifadə edərək azərbaycanlıların kompakt yaşadıqları ərazilərdə məscid və mədrəsə tikintisində xeyli fəallıq nümayiş etdirib, həmçinin dini məzmunlu nəşrlərin kütləvi çapı istiqamətində də ardıcıl iş aparıb. Bu isə iranlı missionerlərə təbliğat işində ciddi üstünlüklər yaradır. Azərbaycan hökumətinin Gürcüstandakı soydaşlarımızın təhsilinə, sosial həyat tərzinə biganəliyindən İranlı missionerlər maksimum dərəcədə bəhrələnib, dini təbliğatı rahatlıqla genişləndirirdilər. Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze istəyir ki, din xadimləri kənarda deyil, ölkənin özündə hazırlansın. Təbii ki, bu da İranlı missionerlərin tikdiyi dini mədrəsələrdə, məscidlərdə olacaq. 2011-ci ildən Gürcüstan hökuməti tərəfindən “Gürcüstan müsəlmanları şurasının” yaranmasından və regiondakı dini məsələlərin Qafqaz müsəlmaları idarəsinin tabeliyindən çıxmasından sonra iranlı missionerlərin bu ölkədəki maneəsiz fəaliyyəti qarşısında ümumiyyətlə heç bir məhdudiyyət qalmayıb.

2011-ci ildən etibarən iki ölkə arasında qısamüddətli səfərlər üçün viza tələbi aradan qaldırılıb. Həmçinin sözügedən vaxtdan etibarən Tehranla Tbilisi arasında birbaşa aviaəlaqə yaradıldı. Hətta 2006-cı ildə Rusiya ilə Gürcüstan arasında yaranmış siyasi gərginlik nəticəsində Moskvanın bu ölkəyə qaz təchizatını dayandırdığı zaman, Tbilisinin yaranmış böhranlı vəziyyətdən çıxmasında Azərbaycanın dəstəyilə yanaşı, İranın da yardımı mühüm rol oynamışdı.

Soydaşlarımızın tarix boyu kompakt yaşadıqları bölgələrdə, Azərbaycandakı əlaqədar təşkilatların, nazirliklərin biganəliyi üzündən, türk toponimlərini dəyişdirməklə məşğul olan Gürcüstan hakimiyyəti İranın Borcalı bölgəsindəki fəallığına göz yummağa üstünlük verir və böyük ehtimalla belə hesab edir ki, Tehranın təsirinin artması bölgədəki etnik azərbaycanlıların Azərbaycanın təsirindən uzaqlaşmasında müsbət rol oynayacaq. Gürcüstandakı bəzi millətçi dairələr Borcalıda yaşayan etnik azərbaycanlıları gürcü dövlətçiliyinə qarşı potensial təhlükə kimi qələmə verməyə cəhd edir, bu bölgənin sosial-iqtisadi cəhətdən geri qalmasına çalışırlar. Ancaq bu yanaşma olduqca yanlışdır. Bunun əvəzində gürcü millətçiləri İranın Yaxın və Orta Şərqdə şiələr yaşayan bölgələrindəki son 40 ildəki fəaliyyətinin nəticələrini təhlil edib, lazımi nəticələr çıxarsalar Gürcüstan dövlətçiliyi üçün daha faydalı iş görmüş olarlar.

Tehranın Gürcüstandakı aktiv fəaliyyətini şərtləndirən digər amil isə son zamanlar xeyli sayda İran vətəndaşının yaşamaq və biznes fəaliyyəti üçün bu ölkəyə üz tutmasıdır. 2018-ci ilin statistik göstəricilərinə əsasən Gürcüstana müvəqqəti yaşamaq və işləmək icazəsi üçün müraciət edənlərin 87 faizini məhz İran vətəndaşları təşkil etmişdir.

Təbii ki, belə bir şəraitdə Gürcüstanda zəngin və çoxsaylı İran diasporunun yaranması da qaçılmazdır. Bu isə davamlı olaraq Qərbə inteqrasiya edən Gürcüstanda Avropa və ABŞ-ın mümkün təsiri altına düşə biləcək böyük bir toplum deməkdir. Gürcüstandakı iranlıların zamanla Tehrana qarşı potensial müxalif qüvvəyə çevrilməsinin qarşısını almaq, onlara nəzarət edə bilmək üçün İranın bu ölkədə mütəşəkkil sosial dayağa malik olmaq ehtiyacı çox böyükdür. Bu mənada, İran hakimiyyəti məzhəb və din mənafelərinin qorunması adı altında rahatlıqla Gürcüstandakı soydaşlarımızı casusluq fəaliyyətinə cəlb etmək imkanlarına sahibdir.

İranlı missionerlərin birinci dalğası Borcalıya məhz sahibkarlıq pərdəsi altında gəlmişdi və humanitar yardım adı altında etnik azərbaycanlıları müxtəlif fəaliyyət sahələrinə cəlb etmişdi. Gürcüstan azərbaycanlılarının kompakt yaşadıqları Borcalı bölgəsi də sözügedən dövrdə ölkənin sosial-iqtisadi cəhətdən ən geridə qalmış bölgələrindən hesab olunurdu. İranlıların gətirdikləri kiçik sərmayələr, sahibkarlıq fəaliyyəti, həmçinin gənclərin pulsuz şəkildə İranın dini universitetlərinə ali təhsil üçün yola salınması yerli əhali arasında Tehrana olan rəğbəti əhəmiyyətli dərəcədə gücləndirmiş oldu. Gürcüstan hakimiyyətinin etnik azərbaycanlılara münasibətdə bir çox hallarda qeyri-səmimi mövqe tutması, onların sosial problemlərinə laqeyd yanaşması, azərbaycanlılara öz ana dillərində təhsil almağa müxtəlif süni maneələr yaratması əslində, ilk növbədə İranın lehinə işləyən amillər idi.
XX əsrin 90-cı illərində Azərbaycanın Ermənistanın təcavüzü nəticəsində müharibə şəraitilə üzləşməsi rəsmi Bakının Borcalıdakı soydaşlarımızın problemlərinə zəruri diqqət yetirməsinə əngəl törətdi.
Təəssüf ki, bu boşluqdan həmin illərdən etibarən İran məharətlə bəhrələnmiş, Gürcüstan azərbaycanlıları arasında özünə sosial dayaq yaratmağa müvəffəq olmuşdur və Tehranın bu təsiri məzhəbçilik zəmininə söykəndiyindən milli irsin unutdurulmasına xidmət edir.
İranın Borcalı bölgəsində apardığı bu yadlaşma siyasətinə müdaxilə etməyə, onun qarşısını almağı hal-hazırda həm Azərbaycanın, həm də Türkiyənin kifayət qədər geniş imkanları var. Belə bir siyasətin ardıcıl şəkildə və qətiyyətlə icrası üçün beynəlxalq siyasi şəraitin də kifayət qədər əlverişli olduğu nəzərdən qaçmamalıdır. ABŞ-ın və Avropa İttifaqı ölkələrinin İrana münasibətdəki siyasətini bir qədər də sərtləşdirməsi heç şübhəsiz ki, Gürcüstan tərəfindən nəzərə alınmaya bilməz. Qərbə doğru can atan Tiflisin öz ərazisində İrana bağlı olan təsir qruplarının fəaliyyətinə gələcəkdə də belə rahatlıqla göz yumması mümkün olmayacaq.
İndiki siyasi şəraitdə İranın Gürcüstan azərbaycanlıları vasitəsilə Azərbaycanı hər hansı formada birbaşa təhdid etməsi ehtimalı yüksək olmasa da, dolayı yolla belə təhdidlərin meydana çıxması mümkündür və onlar Azərbaycan tərəfindən mütləq nəzərə alınmalıdır. Həmin təhdidlərdən birincisi terror və casusluq fəaliyyətilə bağlıdır.
2009-cu ilin aprelində ADNA-da Gürcüstan vətəndaşı, Marneuli sakini Fərda Qədirovun həyata keçirdiyi qətliamdan dərs çıxarılmalı, bənzər hadisələrin törədilməməsi üçün bütün qabaqlayıcı addımlar atılmalıdır. Həmin hadisə ilə bağlı aparılan istintaq zamanı, 13 nəfərin həyatına son qoymuş Fərda Qədirovun xarici xüsusi xidmət orqanları ilə bağlılığına işarə edən ciddi dəlillərin olduğu aşkara çıxarılmışdı.

Qarabağda müsəlman məscidində donuz saxlayan murdar düşmənimizlə dostluq edən İranın Gürcüstanda yaşayan soydaşlarımızı cəlb edə biləcəyi potensial anti-Azərbaycan fəaliyyətinin istiqamətlərindən biri də ölkəmizə qarşı casusluq fəaliyyətinin təşkili ilə bağlı ola bilər. Gürcüstan azərbaycanlılarının ölkəmizlə geniş əlaqələrə malik olduğunu, bəzilərinin isə ölkəmizdə davamlı əsasda yaşayıb fəaliyyət göstərdiyini nəzərə alaraq bu ehtimal daim öz ciddiliyini qoruyub saxlayacaqdır. Gürcüstanda azərbaycanlıların işsizlik probleminin, həmçinin sosial-iqtisadi çətinliklərinin hələ də həllini tapmayan problemlər olduğunu nəzərə alsaq, xarici qüvvələrin bölgəyə təsir etməsi imkanları yüksəkdir. Məsələn, 2019-cu ildə Gürcüstan azərbaycanlıları arasında aparılmış sorğunun nəticələrindən belə məlum olmuşdur ki, soydaşlarımızın 68 faizi özünü işsiz hesab edir, ciddi maliyyə çətinliklərilə üzləşdiklərini gizlətmirdilər.

Bu gün də vəziyyət əhəmiyyətli dərəcədə dəyişməyib. Ona görə də Azərbaycanın təhlükəsizliyinə cavabdeh olan qurumlar bu riskləri mütləq nəzərə almalıdırlar. Bu problemi ölkəmizin lehinə tez bir zamanda və effektiv həll etməyin yollarından biri də Gürcüstana investisiyalar yatıran Azərbaycan şirkətlərinin soydaşlarımızın işlə təminatında aktivlik göstərməsilə bağlı ola bilər. Bu, xüsusilə neft və turizm sahələrində ciddi nəticələr verə bilər.

Bir məsələni də unutmaq lazım deyil ki, Borcalı bölgəsi Azərbaycanın dövlət sərhədlərinin yaxınlığında yerləşir və bu ərazidən ölkəmizin iqtisadiyyatı üçün strateji əhəmiyyətə malik bir çox kommunikasiyalar keçir. Həmin kommuni¬kasiyaların təhlükəsizliyi də mümkün risklərdən biri kimi daim diqqət mərkəzində saxlanılmalıdır.
İranın Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazilərdə nüfuz imkanlarını genişləndirməsi, həmçinin aktiv məzhəbçilik fəaliyyəti hesabına ona loyal olan sosial dayaqlar yaratması Azərbaycan dövlətçiliyi üçün müəyyən təhdidlər törətmək potensialına malikdir. Bu təhdidlərin qarşısının alınması üçün bölgədə boyük nüfuz sahibi olan Azərbaycan iqtisadi, sosial-mədəni və bəzən hətta siyasi təsir vasitələrindən istifadə etməlidir. Dəfələrlə qeyd etdiyimiz kimi, Elm və Təhsil Nazirliyi Gürcüstandakı soydaşlarımızın balalarını dərsliklərlə, digər dərs ləvazimatları ilə lazımi səviyyədə təmin etməlidir. Gənclərin dini təhsil dalınca Tehrana deyil, məhz Bakıya bağlı olması üçün onların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, mədəni hüquqlarının qorunması üçün planlı fəaliyyətin həyata keçirilməsi, konkret strategiyanın işlənib-hazırlanması qaçılmazdır.

İranın başlıca təsir aləti kimi geniş istifadə etdiyi dini maarifçilik və dini təhsil istiqamətlərində də əsaslı qabaqlayıcı tədbirlərin görülməsi zəruridir. Məsələn, Azərbaycanda fəaliyyət göstərən İlahiyyat İnstitutu tərəfindən Gürcüstanda yaşayan soydaşlarımız üçün müvafiq təqaüd proqramlarının tətbiqi, ruhanilər üçün Azərbaycanda müəyyən kursların təşkili və həvəsləndirici maddi dəstəyin verilməsi də faydalı olar. Ümummilli Liderimiz Heydər Əliyevin strateji kursunu dinamik inkişafla həyata keçirən Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin hərbi-siyasi-diplomatik məharəti sayəsində 44 günlük Vətən müharibəsində müqəddəs şəhidlərinmizin canı, igid qazilərimizin qanı və rəşadətli ordumuzun gücü hesabına 30 illik Qarabağ həsrətinə son qoyaraq, bütün dünyanı heyrətləndirən Zəfərə imza atdıq. Bu qələbəmizi həzm edə bilməyib, sərhədimizdə hərbi təlim keçərək bizi təhdid etmək istəyən, Qafanda Konsulluq açıb düşmənimizlə dostluq edən İranın Gürcüstanda soydaşlarımızı dini təlim adı altında casusluğa cəlb etməyəcəyinə necə inanmaq olar. Heydər Əliyevlə Şevardnadze dostluğundan lazımınca istifadə edə bilmədik, barı indi, Azərbaycanın regionda güc sahibi olduğu məqamda, Azərbaycan və Gürcüstan rəhbərlərinin dostluğundan, iki ölkə arasındakı strateji tərəfdaşlıqdan istifadə edib, Gürcüstandakı soydaşlarımıza qayğı-diqqəti artırmalı, gediş-gəlişi sadələşdirilməli, əlaqələrimizi daha da genişləndirməliyik.