Biləsuvarda İnsan Alverinə və Uşaq Əməyinin İstismarına Qarşı maarifləndirici təlim keçirildi

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin təşkilati dəstəyi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT koalisiyasının təşəbbüsü ilə Biləsuvar rayon Polis Şöbəsində təlim keçirilmişdir.

Sabahinfo.az xəbər verir ki, təlimdə sahə müvəkkilləri, azyaşlılarla iş şöbəsinin əməkdaşları, təhqiqatçılar, əməliyyatçılar iştirak etmişlər. Təlimi Şirvan Regional QHT  Resurs və Təlim Mərkəzinin rəhbəri Əli Mirzəyev aparmışdır.

Təlimdə Biləsuvar rayon Polis Şöbəsinin 27 əməkdaşı iştirak etmişdir. Təlimin əsas məqsədi uşaq əməyinin istismarı anlayışını, onun formalarını və qarşısının alınması yollarını iştirakçılara izah etmək, habelə bu halların müəyyən olunmasında istifadə edilən əsas indikatorlarla sahə müvəkkillərini və uşaq inspektorlarını tanış etmək idi.  Təlim interaktiv formatda keçiridi, iştirakçılarla müzakirələr aparıldı, real situasiya nümunələri təqdim olundu. Təlim zamanı beynəlxalq standartlara əsaslanan indikatorlar izah edildi, həmçinin mövcud yerli qanunvericilik kontekstində onların tətbiqi imkanları müzakirə edildi.

Eyni zamanda təlim iştirakçıları insan alveri anlayışının mahiyyəti, növləri, mübarizə metodları, insan alveri qurbanlarının müəyyən edilməsi, onlarla reabilitasiya tədbirlərinin həyata keçirilməsi, psixoloji və hüquqi dəstəyin göstərilməsi və s. məsələlər barədə ətraflı məlumat əldə etdilər.