İlham Əliyev bir sıra görüşlər keçirib - YENİLƏNİB + FOTO

Azərbaycan prezidenti İlham Əliyev Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyasının prezidenti, AŞPA-nın fəxri üzvü Goris Emiel Stefaanın başçılıq etdiyi, Malta parlamentinin spikeri, Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyası müşahidə missiyasının rəhbəriFarrugia Angelonun, eləcə də Malta, Serbiya, İtaliya, Fransa, Monteneqro, Bosniya və Herseqovina, Rumıniya parlamentlərinin deputatlarının və Avropa Şurası Parlament Assambleyasının üzvlərinin daxil olduğu nümayəndə heyətini qəbul edib.

sabahinfo.Az-ın məlumatına görə, dövlət başçısı Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyası kimi önəmli bir qurumu təmsil edən qonağın böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etməsindən və referendumun monitorinqi prosesində iştirakından məmnunluğunu ifadə edib.

Referendum zamanı müşahidələr aparmaq üçün 30-dan çox dövlətdən, həmçinin mühüm beynəlxalq təşkilatlardan çoxlu sayda müşahidəçilərin Azərbaycana gəldiyini vurğulayan prezident İlham Əliyev onların səsvermənin gedişini izləmələrinin önəmini qeyd edib. Dövlət başçısı səsverməyə çıxarılan hər bir məsələ ilə bağlı ayrılmış müddət ərzində əhali arasında maarifləndirmə işlərinin aparıldığını, referendumun yüksək səviyyədə təşkil olunması istiqamətində bütün lazımi tədbirlərin görüldüyünü bildirib. Prezident İlham Əliyev Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyasının təkcə Bakıda deyil, bölgələrdə də müşahidələr aparmasının əhəmiyyətini qeyd edib.

Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyasının prezidenti, AŞPA-nın fəxri üzvü Goris Emiel Stefaan səhər saatlarından başlayaraq missiya nümayəndələrinin ayrı-ayrı məntəqələrdə müşahidələr apardıqlarını qeyd edib. Görüşdən sonra missiyalarını davam etdirəcəklərini deyən Goris Emiel Stefaan günün axırında aparılacaq yekun qiymətləndirmələrdən sonra qurumun müşahidələrin nəticələri ilə bağlı bəyanatla çıxış edəcəyini bildirib.

Malta parlamentinin spikeri, Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyası müşahidə missiyasının rəhbəri Farrugia Angelo isə müşahidə apardıqları məntəqələrdə səsvermənin dinc və mütəşəkkil şəkildə keçdiyinin, seçicilərin referenduma çıxarılan hər bir məsələyə diqqətlə yanaşdıqlarının şahidi olduqlarını deyib.

11:04

Azərbaycan prezidenti İlham Əliyev Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidenti və Genişlənmə Komitəsinin sədri, Avropa Xalq Partiyasının keçmiş sədr müavini David Marionun başçılıq etdiyi, Avropa Parlamentinin, Avropa ölkələrinin deputatlarının və bir sıra beynəlxalq təşkilatların əməkdaşlarının daxil olduğu nümayəndə heyətini qəbul edib.

Oxu.Az-ın məlumatına görə, Avropa Xalq Partiyasının böyük nümayəndə heyəti ilə Azərbaycana səfərindən məmnunluğunu ifadə edən dövlət başçısı ölkəmizin müvafiq strukturları ilə Avropa Xalq Partiyası arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.

Prezident İlham Əliyev nümayəndə heyətinin Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan bir gündə ölkəmizə səfərini yaxın tərəfdaşlıq əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib. Dövlət başçısı əməkdaşlığımızın bundan sonra da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib.

Dörd il bundan əvvəl Bakıya səfər etdiyini vurğulayan Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidenti və Genişlənmə Komitəsinin sədri David Mario ötən dövr ərzində paytaxtda böyük dəyişikliklərin şahidi olduğunu və həyata keçirilən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını deyib. O, bu gün səhər artıq bir neçə seçki məntəqəsində müşahidələr apardıqlarını dedi və gün ərzində Bakıda və ölkənin müxtəlif regionlarında müşahidələrini davam etdirəcəklərini bildirib.

Azərbaycan üçün əsas məsələlərdən biri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq ötən səfərində nümayəndə heyəti ilə birlikdə cəbhə bölgəsində olduğunu xatırlayıb və Avropa Xalq Partiyasının nümayəndələri olaraq münaqişə ilə bağlı əsl həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması işinə töhfə verə biləcəklərini vurğulayıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan konstruktiv mövqeyini dəstəklədiklərini bildirib.