“Bir çox ölkələrin regiona hərbi qüvvələri ilə müdaxilə etmək cəhdi sülhə xidmət edə bilməz”  

Əhməd Abbasbəyli: “Ermənistan yalançı havadarlarının təsirindən çıxmalı və əvvəl başına gələnlərdən dərs almalıdır”

“Aprelin 5-də Brüsseldə Avropa İttifaqı, ABŞ və Ermənistan arasında imzalanacaq hərbi pakt region dövlətləri üçün heç də xoşagələn deyil. Belə ki, ilk növbədə bu, Qərblə Rusiya arasında gedən çox ciddi qarşıdurmanın yeni bir müstəviyə keçməsi kimi qiymətləndirilsə də, eyni zamanda regionun təhlükəsizliyinə təhdiddir. Bununla bağlı münasibətləri təhlil edəndə aydın görünür ki, rəsmi Moskvanın bu məsələ ilə bağlı münasibəti birmənalı olaraq Ermənistan-Rusiya münaqişəsi səviyyəsinə dəlalət edir. Digər tərəfdən Azərbaycanın son illərdə regionda vacib bir aktora çevrilməsi, ərazi bütövlüyünü tam təmin etməsi bəzi qüvvələri narahat etməyə bilməz. Onlar Ermənistanı həvəsləndirərək revanşist mövqedən çıxış etməyə və regionda öz mövqelərini möhkəmləndirməyə cəhd edirlər”. Bu fikirləri saytımıza siyasi şərhçi Əhməd Abbasbəyli bildirib.

Əhməd Abbasbəyli deyib ki, Ermənistanın Qərblə bu yeni hərbi əməkdaşlığı regionun siyasi, iqtisadi və hərbi cəhətdən aparıcı dövləti olan və regionda sülhün birinci təminatçısına çevrilən Azərbaycanın maraqlarına tamamilə ziddir: “Bir çox ölkələrin regiona hərbi qüvvələri ilə müdaxilə etmək cəhdi sülhə xidmət edə bilməz. Hesab edirəm ki, bu məsələlərə region ölkələri, eləcə də dünya çapında söz sahibi olan ölkələr öz mövqeyini bildirməlidir. Məsələn, bu gün İranın bu məsələlərə susqun qalması mənim üçün təəccüblü görünür. Özünü ABŞ-ın düşməni hesab edən, islam dininin təəssübkeşi kimi göstərən İran Qərbin Ermənistan vasitəsilə regiona daxil olmasına göz yumur. Digər tərəfdən Gürcüstanın bu məsələlərə münasibəti olmalıdır. Ən nəhayət qardaş Türkiyə bu məsələyə kəskin və açıq şəkildə münasibət bildirilməlidir”.

Siyasi şərhçinin fikrincə, bu gün Ermənistan və Azərbaycan arasında gedən sülh danışıqları və hər hansı sazişin bağlanması istiqamətində atılan addımlara, eyni zamanda bu prosesə vasitəçilik etmək istəyən dövlətlərin bu məsələ ilə bağlı səmimiyyəti şübhə doğurur: “Hesab edirəm ki, bu, regionda təhlükəsizliyin təmin olunmasına ziddir və yeni münaqişə zonasının yaranmasına xidmət edir. Həmçinin regionda sülhün və əmin-amanlığın əleyhinə atılan addımlardır. Azərbaycan Respublikası  ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, sülhün tərəfdarıdır və regionda sülhün və təhlükəsizliyin təminatçısı olaraq ilk addımlar atan dövlətdir. Bu gün Azərbaycan heç bir qonşu dövlətin torpaqlarına iddia etmir və yalnız missiyası öz ərazi bütövlüyünü qorumaqdır. Hazırda məqsəd yalnız regionda sülhün və təhlükəsizliyin təmin edilməsidir. Qarşı tərəfin isə atdığı addımlar qeyri-səmimi və ikiüzlü olmaqla yanaşı, regionun təhlükəsizliyinə təhdiddir. Düşünürəm ki, həm ölkə ictimaiyyəti, həm region dövlətlərinin müxtəlif səviyyədəki strukturları bu məsələyə ciddi münasibət bildirməlidir. Digər tərəfdən Fransanın əlaltısına çevrilmiş Ermənistan anlamalıdır ki, bu proses ilk növbədə ona böyük bir fəlakət yaradacaq. Bundan öncəki təcrübələrdə göründüyü kimi, Ermənistan xaraba, dağılmış məmləkətə çevriləcək. Ona görə də Ermənistan yalançı havadarlarının təsirindən çıxmalı və əvvəl başına gələnlərdən dərs almalıdır”.