İrakli Kobaxidze: - “Azərbaycana rəsmi səfərim planlaşdırılır”

Gürcüstan Parlamentinin Milli Kitabxanasında parlamentin yeni sədri İrakli Kobaxidze ilə görüş keçirilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə parlament üzvləri, gürcü və azərbaycanlı gənclər, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak edib. İ. Kobaxidze Milli Kitabxananın fəaliyyəti ilə maraqlanıb və kitabxanaya baxış keçirib.

 

İ. Kobaxidze jurnalistlərə açıqlamasında yaxın gələcəkdə Azərbaycana rəsmi səfərinin planlaşdırıldığını bildirib: "Azərbaycan və Gürcüstan strateji tərəfdaş olan dost və qonşu ölkələrdir. Biz əsrlər boyu mehriban qonşuluq və dostluq şəraitində yaşamışıq. Gürcüstanın Azərbaycanla bir çox sahələrdə, o cümlədən iqtisadiyyat və təhsil sahələrində qarşılıqlı əlaqələri və yaxından əməkdaşlığı var. Biz həmkarlarımızla görüşüb, münasibətlərimizi daha da dərinləşdirmək üçün Azərbaycana rəsmi səfərə hazırlaşırıq”.

 

İ. Kobaxidze Gürcüstan parlamentində Azərbaycanla parlamentlərarası dostluq qrupunun yaradılacağını söyləyib: "Gürcüstan parlamenti ilə Azərbaycan Milli Məclisi arasında dostluq əlaqələri, əməkdaşlıq daha da inkişaf edəcək, deputatlarımız Azərbaycana, azərbaycanlı həmkarlarımız isə Gürcüstana səfər edəcəklər”.

 

Xatırladaq ki, 2013-cü ildən Gürcüstan Parlamenti Milli Kitabxanasında "Azərbaycan kitabı” guşəsi fəaliyyət göstərir.