İraqda həbsxanaların birində baş vermiş qiyam nəticəsində 12 polis əməkdaşı, 50 məhbus ölüb.
APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İraq DİN-nin nümayəndəsi general Səəd Maan bildirib.
Məlumata görə, qiyam Diyala əyalətində, Bağdaddan 50 km şimal-şərqdə yerləşən "Əl Xales” həbsxanasında baş verib. "Məhbuslar polisdən silahı alaraq onu qətlə yetiriblər və silah anbarını ələ keçiriblər. Sonra məhbuslar və polis arasında döyüş olub”, deyə Səəd Maan bildirib.
Onun sözlərinə görə, öldürülən məhbusların hamısı terror qruplaşmaların üzvü olduqlarına görə azadlıqdan məhrum edilib.
Hazırda ərazi nəzarətə götürülüb. Həbsxanadan qaçan 200-dək məhbus barədə axtarış elan edilib.