İŞİD-ə qarşı həlledici döyüş olacaq

İraqın ikinci ən iri şəhəri sayılan Mosulun İŞİD-dən azad edilməsi üçün genişmiqyaslı hazırlıqlar gedir. ABŞ əməliyyatlarda istifadə olunacaq yeni hava bazasının salınması üçün İraqa 560 əlavə şəxsi heyət göndərəcək.

sabahinfo.az  anspress-ə istinadən bildirir ki, İraqa səfəri zamanı ABŞ müdafiə naziri Eşton Karter məlumatı elan edib.

Pentaqon rəhbəri Varşava sammitində bütün həmkarlarının İraqın İŞİD-ə qarşı mübarizəsinə dəstək göstərməkdə qətiyyətli olduğunu vurğulayıb. Karter iraqlı həmkarını yaxın zamanda Vaşinqtonda anti-İŞİD koalisiyasının müdafiə nazirlərinin keçirəcəyi  toplantıya dəvət edib.

İraqda  Kürdüstan muxtariyyətinin peşmərgə qüvvələri  çoxdan bəri gözlənilən Mosul döyüşünə hazırlaşır. İraqın ikinci ən böyük şəhəri olan Mosul 2014-cü ildən bəri İŞİD terrorçu rejiminin nəzarətindədir. Əsas plana görə, peşmərgə dəstələri  şəhərə doğru şimaldan irəliləyərək, qabaqlayıcı mövqelər quracaq və  İraq qoşunları şəhərə daxil olan zaman ekstremistlərin şərqdən irəliləməsinə əngəl olacaq.

Əməliyyatın nə vaxt başlanacağı sirr olaraq qalır. İraq qoşunları ötən həftə Mosuldan 60 kilometr cənubda yerləşən Qayara  hava bazasını ələ keçirib. Həmin hava bazası  gözlənilən əməliyyatda həlledici rol oynaya bilər.

Ondan həm İraq, həm də ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin istifadə edəcəyi bildirilir.  Peşmərgə qüvvələri Qayara şəhərinin şərqində qərarlaşıb. Qayara şəhərinin itirilməsindən sonra İŞİD vacib təchizat xəttindən məhrum olub və şəhər faktiki olaraq təcrid olunmuş vəziyyətə düşüb.