İtalya `ASAN xidmət` modelini tətbiq edə bilər

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Romada səfərdədir. Səfərin əsas məqsədi, sosial innovasiya, ictimai iştirakçılıq və vətəndaş cəmiyyətinin inkişafı sahəsində Azərbaycanın əldə etdiyi uğurları İtaliya ictimaiyyətinə təqdim etmək və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır.


İlk tədbir 30 mart 2015-ci ildə Şuranın dəstəyi və İtaliyanın "Vision” təşkilatı təşkilatçılığı ilə "Avropada mərkəzləşdirilmiş sosial xidmətlərin təşkili: "ASAN” nümunəsi” mövzusunda keçirilib.


"Vision” təşkilatının direktoru Françesko Qrillonun moderatorluğu ilə keçirilən tədbirdə beynəlxalq ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələri, İtaliya ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.


Konfransda çıxış edən İtaliya Bələdiyyələrinin Milli Assosiasiyasının baş katibi Veronika Nikotra ölkəsində vətəndaşlara xidmət sahəsində yerli dövlət strukturlarının fəaliyyətindən, Avropa təcrübəsindən və müvafiq istiqamətdə daha innovativ üsulların tətbiqinin vacibliyindən danışıb. Veronika Nikotra keçirilən tədbiri sosial xidmətlərlə bağlı Azərbaycanın əldə etdiyi uğurları müzakirə etmək üçün yaxşı fürsət adlandırıb.


Tədbirin mühüm əhəmiyyətini vurğulayan Şura sədri, millət vəkili Azay Quliyev qeyd edib ki, konfrans Azərbaycandakı elektron hökumət təcrübəsini müzakirə etmək və mövcud qarşılıqlı əməkdaşlığı paylaşmaq baxımından əlverişli imkan yaradır.


Rəhbərlik etdiyi qurumun yaranma tarixindən və fəaliyyətindən danışan Azay Quliyev Şuranın əsas məqsədinin vətəndaş cəmiyyətinin ictimai təşəbbüslərini hərtərəfli şəkildə dəstəkləyərək hökumət ilə QHT sektoru arasında əlaqələndirməni təmin etmək olduğunu bildirib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2008-ci ildə imzaladığı fərman ilə yaradılmış Şura ötən 7 il ərzində milli QHT-lərin üç mindən artıq layihəsinin maliyyələşdirilməsinə 25 milyon avrodan artıq vəsait ayırıb. Şura QHT-lərin hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində də uğurlu fəaliyyət göstərməkdədir. Şuranın təşəbbüsü ilə Milli Məclis tərəfindən indiyədək "Könüllü fəaliyyəti haqqında” və "İctimai İştirakçılıq haqqında” qanunlar qəbul edilib.


Şura sədri şəffaflığın və ictimai xidmətlərin səmərəliliyinin artırılmasının dövlətin qarşısında duran əsas hədəflərdən olduğunu deyib və son illərdə Azərbaycanda elektron hökumət sahəsində əhəmiyyətli irəliləyişlərin müşahidə olunduğunu vurğulayıb: ”2012-ci ildə ölkə prezidentinin fərmanı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) yaradılması bunun məntiqi davamıdır. Qurumun əsas məqsədi dövlət orqanlarının fəaliyyətində şəffaflığı artırmaq, vətəndaşlara daha keyfiyyətli və innovativ xidmətlər göstərməkdir. ASAN xidmət modeli eyni çətir altında 30 dövlət xidmətini həyata keçirən Azərbaycanın uğurlu xidmət modelidir. Hal hazırda bu xidmət mərkəzləri 6 milyondan artıq insana xidmət göstərə biləcək potensiala malikdir. Biz çox şadıq ki, Azərbaycanın e-hökumət sahəsində əldə etdiyi uğurlar digər ölkələr tərəfindən rəğbətlə qarşılanır. Bu modeli Avropalı tərəfdaşlarımızla paylaşmaqdan məmnuniyyət duyuruq. İnanıram ki, bu konfrans gələcəkdə ölkələrimizdə e-hökumətin daha da inkişaf etməsinə mühüm töhfələr verəcək”.


Konfransda çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov tədbirin "ASAN xidmət” mərkəzlərinin üstünlüklərini İtaliya ictimaiyyəti ilə paylaşmaq baxımından əhəmiyyətini vurğulayıb. Səfir sosial xidmətlərin elektron şəkildə həyata keçirilməsinin, vətəndaşlara göstərilən xidmətlərin rəqəmsallaşdırılmasının müasir dövrün tələbi olduğunu bildirib. İtaliyada müvafiq sahədə həyata keçirilən islahatlardan danışan səfir bu ölkənin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişləndirilməsinə dəstək olduğunu diqqətə çatdırıb. V.Sadıqov qeyd edib ki, ötən ilin iyulunda Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri münasibətlərimizin daha da inkişaf etməsinə töhfəsini verməkdədir. Xüsusilə səfər çərçivəsində qəbul olunmuş "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” əməkdaşlığımızın genişləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.


Ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu deyən V.Sadiqov bir sıra irimiqyaslı layihələrin birgə həyata keçirilməsinin önəmini vurğulayıb.


İtaliyanın Piza şəhərinin meri Marko Filipeski Azərbaycanda fəaliyyət göstərən "ASAN Xidmət” mərkəzlərinin iş prinsipinin təqdirəlayiq olduğunu bildirib. Mer M. Filipeski vurğulayıb ki, əhaliyə daha yüksək səviyyəli xidmətin göstərilməsi üçün belə bir strukturun qurulması müsbət nəticələr verəcək. Sonra "Vision” təşkilatı tərəfindən hazırlanmış "Vətəndaşlarla dövlət arasında əlaqələrin təkmilləşdirilməsində ağıllı texnologiyalardan və yaradıcılıqdan istifadə: Azərbaycan modeli” mövzusunda hesabat konfrans iştirakçılarına təqdim olunub.


Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Azad Cəfərli "ASAN xidmət” mərkəzlərinin yaradılması və onların vətəndaşlara operativ, rahat və keyfiyyətli xidmətlər göstərilməsinə yönəlmiş fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib. Mərkəzlərin iş prinsipindən, keyfiyyət standartları və personalın seçim qaydalarından, mərkəzlər şəbəkəsinin genişləndirilməsi planlarından danışan şöbə müdiri bildirib ki, qurumun ən önəmli hədəflərdən biri şəffaflığı təmin etmək, vətəndaşlarla dövlət qurumları arasında əlaqələri asanlaşdırmaqdır. Hazırda 4-ü paytaxt Bakı şəhərində, digər 4-ü isə regional mərkəzlər - Sumqayıt, Gəncə Sabirabad və Bərdədə olmaqla 8 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Son iki ildə mərkəzlər tərəfindən 4 milyondan artıq vətəndaşa xidmət göstərilib. Bu da "ASAN xidmət” konseptinin nə dərəcədə uğurlu olduğunu, vətəndaşların tələblərinə uyğun qurulduğunun bariz nümunəsidir.


İtaliyanın Lessi bələdiyyəsinin İnnovasiya və Texnologiyalar Şurasının sədri Alessandro Delli ölkəsində ASAN xidmət kimi sistemin qurulmasının vacibliyini qeyd edərək Azərbaycanın bu səhədə əldə etdiyi təcrübənin əhəmiyyəti haqqında danışıb: ”Biz İtaliyada uzun müddətdir ki, bu cür innovativ xidmətin qurulmasına çalışsaq da Azərbaycanın qısa müddətdə əldə etdiyi nəticələrə nail ola bilməmişik. Hesab edirəm ki, Azərbaycanın ASAN təcrübəsi bütün Avropa üçün nümunəvi model kimi təqdim edilməlidir”.


Toplantıda digər çıxışçılarda "ASAN xidmət” modelinin uğurlu təşəbbüs olduğuna dair fikirlərini bölüşərək Avropada da bu cür sisteminin tətbiqinin yaxşı nəticələr verə biləcəyini qeyd ediblər.


Konfransa yekun vuran Şura sədri, millət vəkili Azay Quliyev çıxışlarda və müzakirələrdə səslənən fikirləri əsas tutaraq Azərbaycanın "ASAN” təcrübəsinın nümunəvi model kimi istifadə edilməsi üçün İtaliya Milli Bələdiyyələr Asossasiyasının Avropa İttifaqına rəsmi müraciət etməsini təklif edib. Təklif konfrans iştirakçıları tərəfindən qəbul edilib.


Sonda Azərbaycanın Avropa İttifaqı ilə qeyd olunan mövzuda əməkdaşlığı haqqında müzakirələr aparılıb və konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.