Biz Türkiyəni həmişə güclü görmək istəyirik

Türkiyədəki seçkilər Azərbaycanda ciddi diqqət mərkəzindədir. İlk növbədə ona görə ki, Türkiyə bizə qardaş dövlətdir və Azərbaycanda sosial və siyasi statusundan asılı olmayaraq heç bir vətəndaş orada baş verən hər hansı hadisəyə biganə qala bilməz. Biz bunu baş vermiş son zəlzələ zamanı daha aydın gördük. Bizim cəmiyyətimiz bu faciəyə dərhal reaksiya verdi və demək olar ki, hər bir vətəndaşımız qardaş ölkənin ehtiyaclarının qarşılanmasında hansısa formada iştirak etməyə çalışdı. Bu gün də Türkiyədəki parlament və prezident seçkilərinin təhlilinə davam edirik...

Günel ABBASOVA

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvü Elnur Allahverdiyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Türkiyə bizə hər zaman əziz və doğma olub: “Bu, bir tarixi reallıqdır və biz həmişə qardaş ölkədə baş verən ictimai-siyasi prosesləri yaxından izləmişik. Necə ki, Türkiyə ictimai rəyi də Azərbaycanla çox yaxından və səmimi formada maraqlanır. Təbii ki, bu baxış bucağından fikir söyləyəndə bizim üçün qardaş dövlətin nailiyyətləri daha xoşdur. Türkiyə bu gün bir geosiyasi güc mərkəzi və dünyada söz sahibi olan dövlətdir. Bu, bizi sevindirməyə, qürurlandırmaya bilməz. Türkiyənin belə bir statusa transformasiya etməsi məhz prezident Rəcəb Tayyib Ərdoğan dövründə baş verib. Biz qardaş ölkədə qısa zaman kəsiklərində bir neçə dəfə seçkilərin keçirildiyini, hökumət böhranlarının yaşandığını yaxşı xatırlayırıq. PKK terrorçu təşkilatının Türkiyənin siyasi həyatına müdaxilə etdiyi dövrü unutmamışıq. Bu baxımdan, hazırki siyasi sabitlik cənab Ərdoğanın Türkiyəyə qazandırdığı ən böyük nemətdir. Türkiyə elə bir coğrafi ərazidə yerləşir ki, xarici qüvvələrin daima burada gözü var. Bu, həm tarixi problemdir, həm gerçəkliyin siyasi çağırışlarından irəli gəlir. Belə bir reallıqda Türkiyənin nəinki ictimai-siyasi sabitliyə qovuşması, üstəlik, həm də geosiyasi gücə çevrilməsi şübhəsiz ki, tarixi nailiyyətdir”.

Onun sözlərinə görə, Türkiyənin siyasi çəkisi onun hərbi qüdrətinə əsaslanır: “Türk tarixən döyüşkən olub. Türkə qalib gəlmək mümkün deyil. Türk və hərb demək olar ki, sinonim anlayışlardır. Biz bunu nəinki uzaq tarixdən, habelə son 50 ildə baş verənlərdən çıxış edib deyə bilərik. Məsələn, Türkiyə Kiprdəki türklərin soyqırımının qarşısını alanda bugünkü statusunda deyildi. Ancaq yenə də öz gücünü, varlığını göstərə bilmişdi. Bugünkü Türkiyə isə hərbi güc olmaqla yanaşı, həm də inkişaf etmiş, modern hərbi-sənaye kompleksi olan dövlətdir. Biz xüsusilə son 3 il ərzində bu reallığı daha yaxından izləyirik. Vətən müharibəsinə damğasını vuran “Bayraktar”lardan tutmuş hazırda istehsalına başlanılan ilk pilotsuz qırıcı təyyarələrinədək. Türkiyənin bu gün milli tankı, helikopteri, təyyarəsi, öz istehsalı olan və sırf elektrik enerjisi ilə işləyən avtomobili var. Yəni bu gün qardaş ölkə həm də bir texnoloji mərkəzdir. Bütün bunlar Ərdoğan hakimiyyətinin nail olduğu hədəflərdir. Türkiyənin bu gün Afrikada - Liviyada, Yaxın Şərdqdə - Suriyada, postsovet məkanında - Cənubi Qafqazda, Orta Asiyada əsas söz sahiblərindən olması sıravi türklə yanaşı, hər bir azərbaycanlının da qürur mənbəyidir”.

Deputat qeyd edib ki, iqtisadi nöqteyi-nəzərdən baxanda, bu gün Türkiyə böyük layihələrin mərkəzi rolunda çıxış edir: “Bu layihələrin bir neçəsi Azərbaycanla birgə həyata keçirilir və davam edərək Türk dünyasını öz əhatəsinə alır. Bizim Avropaya doğru enerji daşıyıcıları layihələrimizin hamısında qardaş ölkə mərkəzi mövqedədir. Türkiyə bir birləşdirici mərkəz funksiyasını həyata keçirir. Bütün bunlar da məhz hazırki hakimiyyət zamanı əldə olunub. Bu iqtisadi və hərbi-siyasi rıçaqlar imkan verir ki, Ankara müstəqil, heç kimdən asılı olmayan, heç kimlə hesablaşmayan xarici siyasət yürütsün. Əksinə, bu gün dünya özü Türkiyə ilə hesablaşmaq məcburiyyətindədir. Türkiyə NATO üzvüdür, ancaq müstəqil söz sahibidir. Fikrimcə, bu, çox böyük nailiyyət, qiymətli dəyərdir. Türkiyə ilə Azərbaycanın strateji münasibətləri qardaşlıq amili üzərində qurulub. Bu baxımdan, şübhə yoxdur ki, türk xalqının istənilən seçimi bizim üçün dəyərlidir. Ermənistan mediasına diqqət yetirəndə görmək olar ki, İrəvanda Türkiyədəki seçkilərin nəticələrindən asılı olaraq Ankara-Bakı münasibətlərində bir dəyişikliyin ola bilmə ehtimalına ümid edirlər. Biz ermənilərin belə xam xəyallarla yaşadıqlarını son 30 ildə görürük. Ancaq bilməlidirlər ki, Türkiyə ilə biz qardaşıq və hər zaman da belə olacaq. Hazırki reallıq isə budur ki, müasir Türkiyə heç vaxt indiki kimi qüdrətli, hörmət sahibi olmayıb. Onunla bu qədər hesablaşmayıblar və açığını deyək, gözügötürməyən ölkələr Türkiyədən heç vaxt bu qədər qorxmayıblar. Biz də azərbaycanlılar olaraq Türkiyəni daima belə güclü görmək istəyirik”.