"Azərbaycanın üfüqləri genişlənir"

Geosiyasi proseslərin gücləndiyi, bir çox kiçik dövlətlərin müstəqilliyinə qarşı təhdidlərin artdığı bir dövrdə Azərbaycan dünya birliyinə inteqrasiyasını gücləndirir və təkcə regionda deyil, bütün dünyada qlobal məsələlərin həllində mühüm söz sahibinə çevrilir. Ölkəmiz tarix boyu müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olaraq, əsrlər boyu milli- mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır.

Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi və iki qitəni birləşdirən mədəni, nəqliyyat və hazırda iqtisadi körpü rolunu oynaması ölkəmizə regionumuzda geniş beynəlxalq əməkdaşlıq qurmaq imkanı verir;

Bizim üçün coğrafiya fürsət deməkdir. Əsrlər boyu birgə yaşayış və tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı münasibətlər sayəsində biz coğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu gün biz üfüqlərimizi genişləndiririk

Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq kosmik sənayenin inkişafı davam etdirilirAzərbaycanda son 10 il ərzində müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilib. Ötən müddətdə hərtərəfli dövlət dəstəyi ilə ölkədə kosmik sənaye üzrə müasir infrastruktur yaradılıb, informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə buraxılıb, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılıb və peyk xidmətlərinin ixracına başlanılıb.

Siyasi sabitlik, dinamik sosial-iqtisadi inkişaf, cəmiyyətimizin demokratikləşməsi, nəhəng enerji və nəqliyyat layihələrinin reallaşması, eləcə də, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, rabitənin inkişafı sahəsində nailiyyətlər Azərbaycanın qabaqcıl ölkələr sırasına çıxmasına imkan yaradıb. Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub və dostlar qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə yönəlib. Orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biri olan Azərbaycan orbitə öz peyklərini çıxara bilib, Belə ki, "Azərspace-1" telekommunikasiya peyki, "Azərsky" müşahidə peyki və "Azərspace". Sözsüz ki, bu uğurlar Azərbaycanda yüksək texnologiyaların tətbiqinə və ölkədə kosmik sənayenin yaradılmasına göstərilən böyük diqqətin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2008-ci ildə "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması", 2009-cu ildə ölkədə "Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir.

Əminə AĞAZADƏ
Milli Məclisin deputatı