Jalə Əhmədova Şorsulu kəndində seçicilərlə izdihamlı görüş keçirdi

Fevral ayının 9-da keçiriləcək Milli Məclis seçkisinə 59 saylı Salyan seçki dairəsindən deputatlığa namizəd Jalə Fərhad qızı Əhmədova təbliğat-təşviqat kampaniyası çərçivəsində daha bir izdihamlı görüş keçirib. 
 
Qlobal.az xəbər verir ki, Salyan rayonunun Şorsulu kəndindəki "Qardaşlar" sarayında keçirilən görüşdə ziyalılar və ağsaqqallarla yanaşı, gənclər və passiv seçici zümrəsindən sayılan evdar xanımlar da iştirak edib. 
 
Deputatlığa namizəd çıxış edərək seçicilərə fəaliyyəti və seçki platforması barədə məlumat verib. 
 
Jalə Əhmədova deputat seçiləcəyi təqdirdə parlamentdə ölkə vətəndaşlarının həyatlarına birbaşa müsbət təsir edən mütərəqqi qanunların hazırlanmasında fəal iştirak edəcəyini, seçicilərinin bütün problem və qayğılarının həlli istiqamətində çalışacağını bildirib. 
 
Görüşdə iştirak edən seçicilər Jalə Əhmədovanın qısa müddətdə onlarda rəğbət və inam hissi yaratdığını bildirərək, 9 fevral tarixində seçki məntəqələrinə gedərək ona səs verəcəklərini bildiriblər. 
 
Xoş əhval-ruhiyyədə keçən görüşün sonunda xatirə şəkili çəkilib. 
 
Jalə Əhmədova seçicilərlə görüşlərini davam etdirir.