KİV: “Erməni tərəfi...”

"Rusiya Azərbaycan və Ermənistan tərəfinə zərər gətirəcək heç bir addım atmır”.

Sabahinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

O, Rusiya XİN rəhbəri Sergey Lavrovun İrəvan səfərində Ermənistan rəhbərliyi ilə işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasını müzakirə etdiyinə dair yayılan xəbərlərə münasibət bildirib. Qeyd edib ki, rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hər iki tərəflə əməkdaşlıq edir: "Rusiya XİN rəhbəri İrəvanda apardığı müzakirələrlə bağlı İrəvanda keçirdiyi mətbuat konfransında açıqlama verib. Səfərlə bağlı bundan başqa heç nə deyə bilmərik. Məlumatı dəqiqləşdirmək istəyənlər Rusiya XİN-in rəsmi internet səhifəsinə müraciət edə bilərlər”.

M. Zaxarova qeyd edib ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi dəyişməyib: "Ümid edirəm ki, səsləndirdiyimiz mövqe erməni tərəfini sakitləşdirəcək”.

Qeyd edək ki, Ermənistanın Rusiyanın istəyinə uyğun olaraq işğal olunmuş əraziləri geri qaytarması haqda yayılan informasiyalar bu ölkədə böyük qorxu və təlaşla qarşılanıb.