Litvanın paytaxtı Vilnüsdə Azərbaycanın və Cənubi Qafqazın tarixini təhlil edən kitabların təqdimat mərasimi keçirilib.
Azərbaycanın Litvadakı səfirliyindən APA-ya verilən məlumata görə, mərasimdə tarixçi alim Algimantas Liyekisin "XX əsrdə Qafqazda xalqların köçü”, jurnalist Gintaras Visotskasın "Qara Bağ Faciəsi” və Leonas Yurşanın "Siyasətçilərin qərarlarının xalqların talelərinə təsiri” adlı kitabı təqdim olunub. A. Liekisin "XX əsrdə Qafqazda xalqların köçü” kitabı eyni zamanda rus dilində də təqdim edilib.
Kitablarda ermənilərin Azərbaycan ərazilərinə və bütövlükdə Cənubi Qafqaza iki əsr öncə Türkiyə və İran ərazilərindən köçürüldüyü qeyd olunur, son yüz il ərzində erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş terror aktları, etnik təmizləmə, kütləvi qırğınlardan, Azərbaycan ərazilərinin işğalından bəhs edilir.
Tarixçilər Avropada Azərbaycan haqqında qərəzli məlumatlar yayıldığını diqqətə çatdırıblar, Cənubi Qafqazın keçmişinə dair elementar faktları bir çox litvalının bilmədiyini təəssüf hissi ilə vurğulayıblar.
Müəlliflər Dağlıq Qarabağın itirilməsini bir vaxtlar Litva, Latviya və Estoniyanın itirdiyi ərazilərə bənzədiblər.
Maraqla qarşılanana kitabların təqdimatı ilə bağlı məlumatlar yerli KİV-də işıqlandırılıb.