Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Lixtenşteyn Knyazlığına rəsmi səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini, iqtisadiyyat, daxili işlər və ədliyyə naziri Tomas Tsvayfelhofer ilə görüşüb.
XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, T. Tsvayfelhofer E. Məmmədyarovun Lixtenşteyn Knyazlığına rəsmi səfərini Azərbaycan və Lixtenşteyn arasında ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli hadisə kimi dəyərləndirib.
O, ölkəsinin Azərbaycan ilə bütün sahələr üzrə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib.
Görüşdə tərəflər ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan və Lixtenşteyn arasında ikiqat vergi tutulmasının aradan qaldırılması, sərmayələrin qorunmasına dair sazişlərin imzalanmasının vacibliyini vurğulayıb.
Tərəflər həmçinin iki ölkənin biznes dairələri arasında əlaqələrin təşviq edilməsi məsələlərinə də toxunublar.
T.Tsvayfelhofer iki ölkənin ticarət palataları arasında ilkin təmasların yaradılması və biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil olunması fikrini dəstəklədiyini bildirib. O, Azərbaycanda "Hilti” şirkətinin uğurlu fəaliyyətinə toxunaraq, ölkəmizin biznes mühitindən razılığını ifadə edib.
Görüşdə həmçinin TAP və TANAP layihələri, iqtisadi-ticarət sahəsində əməkdaşlığın digər aspektlərinə dair fikir mübadiləsi aparılıb.