Rusiya paytaxtında Heydər Əliyevin xatirəsi anılıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfirliyində keçirilən anım mərasimində Rusiyanın tanınmış ictimai-siyasi xadimləri, Dövlət Dumasının deputatları, xarici ölkələrin səfirləri və media nümayəndələri iştirak edib. Tədbir iştirakçıları Heydər Əliyevin səfirliyin binasındakı barelyefinin önünə əklil və gül dəstələri qoyublar.
Mərasimi giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu gün Azərbaycan xalqı üçün ağrılı bir gün olduğunu xatırladıb: "Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günüdür. Heydər Əliyev bu həyatdan fiziki gedib, lakin o, hər zaman bizimlədir”.
Səfir Heydər Əliyevin prezidentliyi dövrdə mədəniyyət naziri olduğunu vaxtlardan danışıb: "Mənim bəxtim gətirib ki, nazir olduğum 10 il ərzində Heydər Əliyevi bir çox səfərlərində müşayiət etmişəm. Dağlıq Qarabağ mövzusu və Azərbaycanın inkişafı ilə bağlı bir çox gərgin müzakirələrin şahidi olmuşam”.
Rusiya prezidentinin Mərkəzi federal əyalət üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Beqlov uşaqlıq illərində Bakıda keçirdiyi günləri xatırlayıb: "Azərbaycan paytaxtı hər zaman beynəlmiləl şəhər olub. Azərbaycan digər xalqların mədəniyyətinin inkişafına imkan verib, azərbaycanlılar isə hər kəsi böyük qonaqpərvərliklə qəbul ediblər. Heydər Əliyev özü böyük beynəlmiləlçi olub. Mən onunla Sankt-Peterburqda görüşmüşəm. O zaman biz onunla çox söhbət etdik. Mən hər zaman onu çox müdrik bir insan kimi xatırlayıram”.
Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski çıxışında Rusiya xalqının Heydər Əliyevi hər zaman böyük hörmətlə xatırladığını vurğulayıb: "Heydər Əliyev görkəmli siyasi xadim olub. Bu gün Rusiyada minlərlə insan Heydər Əliyevin xatirəsini anır. Sovet İttifaqı dövründə o, Nazirlər Sovetində ən mühüm sahəni kurasiya edib. SSRİ dağılandan sonra isə o, Azərbaycana qayıtdı və bütün çətinliklərə baxmayaraq, öz xalqına rəhbərlik etdi. Hazırda onun işlərini uğurlu şəkildə prezident İlham Əliyev davam etdirir”.
Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov da Heydər Əliyev və Azərbaycanla bağlı xatirələrindən bəhs edib: "Mən Heydər Əliyevin xatirəsi önündə baş əyirəm və İlham Əliyevə təşəkkür edirəm ki, o, atasının gördüyü işləri əminliklə qoruyub saxlayır və davam etdirir”.
SSRİ xalq artist İosif Kobzon Heydər Əliyevin Rusiya ilə Azərbaycan arasında mədəni dialoqun qurulmasında əvəzedilməz rolunu qeyd edib.
Sonda Heydər Əliyevin xatirəsinə ehsan verilib.