Böhranları fürsətlərə çevirib qlobal oyunçuya çevrilməyi bacaran Azərbaycan - Mövqe

“Yürüdülən məqsədyönlü siyasət nəticəsində Azərbaycan regional və qlobal oyunçu rolunda çıxış edən ölkəyə çevrilib. Nəticədə bu gün Azərbaycan yerləşdiyi coğrafiyadan çox uzaq bölgələrdəki proseslərdə ciddi aktor rolunda çıxış etməkdədir”.

Bunu mətbuata açıqlamasında VI çağırış Milli Məclisin deputatı İltizam Yusifov deyib.

O bildirib ki, bu gün Cənubi Qafqazın lider ölkəsi qismində iştirak edən Azərbaycan beynəlxalq aləmdə, yaxın regional coğrafiya olan Mərkəzi Asiya, MDB məkanında, Yaxın Şərq və Cənub-Şərqi Avropada ciddi aktor rolunda çıxış edən ölkə kimi qəbul edilməkdədir. “Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki fəaliyyətini özünə yalnız yaxın olan qonşu region ölkələri ilə deyil, eyni zamanda daha uzaq coğrafiyada da qurması nəticəsində ciddi oyunçu qismində çıxış etməkdədir. Azərbaycan yeni dünya düzəninin formalaşması prosesində milli maraqlarının təmin olunması, qarşısındakı hədəflərə nail olunması, dünyada öz layiqli yerini tutması istiqamətində aktiv xarici siyasət yürütməkdədir. Bu məqsədlə Yaxın Şərqdə, Afrikada deyil, hətta uzaq kiçik okean ada ölkələri ilə bağlı yürütdüyü uğurlu diplomatiya nəticəsində də ciddi aktor rolunda çıxış etməkdədir”, - o qeyd edib.

O əlavə edib ki, özünə yaxın dost hesab etdiyi ölkələrin üzləşdikləri problemlərin, böhranların da həllində aktiv rol oynayaraq öz töhfəsini verməkdədir. “Buna birinci İsrail-Türkiyə və 2015-ci ildə Türkiyə-Rusiya arasında yaşanan böhranları misal çəkmək olar. 

Bakı qlobal müstəvidə də bir dialoq mərkəzinə çevrilib. Bakı NATO ilə Rusiya arasında münasibətlərin müzakirə olunduğu bir platforma olub. Bundan əlavə olaraq Bakı dünyanı ciddi narahat edən və həyati əhəmiyyət kəsb edən qlobal humanitar problemlərinin müzakirə edildiyi ənənəvi bir dialoq platformasına çevrilib. 

Bakı hazırda qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə öz töhfəsini verərək qlobal oyunçu rolunda çıxış etmək iddiasını ortaya qoyaraq Qlobal Şimalla Qlobal Cənub arasında vasitəçilik missiyasını üzərinə götürüb.

Azərbaycan eyni zamanda son illərdə dünyada dekolonizasiya siyasətinə qarşı mübarizədə aktiv iştirak edən ölkədir. Bu məqsədlə Bakı Təşəbbüs Qrupu yaradılıb və qrupun məqsədi müstəmləkəçilikdə olan, dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verməkdir. Bakı Təşəbbüs Qrupunda 14 ölkənin, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin, həmçinin Korsikanın nümayəndələri təmsil olunur.

Azərbaycanın bu istiqamətdə yürütdüyü xarici siyasətin əsas məqsədi dünyada sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunması, həmçinin bərabərhüquqlu və qarşılıqlı şəkildə sıx əməkdaşlıq münasibətlərinin qurulmasıdır.

Cənab Prezident İlham Əliyev bu günlərdə ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumdakı çıxışında da bütün bu istiqamətdəki prioritetlərini açıq şəkildə dilə gətirərək Azərbaycanın mesajını beynəlxalq aləmə çatdırıb.

Təbii olaraq cənab Prezident tərəfindən yürüdülən bu siyasət bəzi güclər, xüsusən də Fransa kimi neokolonialist siyasət yürüdən ölkələr tərəfindən mənfi qarşılandığından Azərbaycana qarşı soyuq müharibə və hibrid informasiya müharibəsi aparmaqdadırlar. Lakin Azərbaycan Prezidentinin qlobal çağırışlara çevik reaksiya verərək yürütdüyü uğurlu diplomatiya  nəticəsində ölkəmizə qarşı həyata keçirilən məkrli planlar və hibrid savaşlar iflasa uğradılır. Əksinə cənab Prezidentin yürütdüyü çevik, uzaqgörən, cəsarətli diplomatiyası həm dünyadakı böhranlı mürəkkəb geosiyası, həm də bu ölkələrin  çirkin niyyətlərini  puç etməklə prosesləri məharətlə ölkəmizin xeyrinə çevirməklə qlobal aləmdə daha ciddi oyunçu qismində çıxış etməsi, mövqeyinin möhkəmlənməsi və nüfuzunun daha da artması ilə nəticələnir. Əminəm ki, yürüdülən uğurlu siyasət nəticəsində Azərbaycan dünyada  güclü, qüdrətli ölkəyə çevrilməklə yanaşı,  beynəlxalq aləmdə dayanıqlı sülhə, sabitliyə, təhlükəsizliyə və qarşıqlılı səx əməkdaşlıq platformaların yaranmasına ciddi töhfə verən dövlət rolunda çıxış edəcək”.