Siyahıda xalq və əməkdar artistlər, rejissor, prodüserlər də var...
Müğənni Mətanət Əsədovanın ölkədən çıxışına qadağa qoyulub.
Sabahinfo.az xəbər verir ki, bu barədə axşam.az saytı məlumat yayıb. Məlumatda bildirilir ki, artıq bir neçə ildir sənətçinin ölkədən getmə hüququ tam məhdudlaşdırılıb.
Qoyulan qadağanın səbəbi isə sənətçinin banka olan avtomobil kredit borcu ilə əlaqədardır. Belə ki, M.Əsədova öz adına kreditlə "Volksvagen” markalı avtomobil alıb. Daha sonra həmin avtomobillə qəza törədərək, onu yararsız vəziyyətə salıb. Uzun müddətdir banka borcu yığılan sənətçinin ölkədən çıxışına qadağa qoyulub. Qeyd edilir ki, müğənninin banka olan borcu təxminən 10 min manatdan yuxarıdır.
Xatırladaq ki, bundan əvvəl də bir neçə sənətçinin müxtəlif səbəblərdən ölkədən çıxışının yasaq edildiyi barədə informasiyalar yayılmışdı. Onların arasında xalq artisti, əməkdar artistlər, prodüser də var.
Məsələn, 2015-ci ildə rəsmi şəkildə Xalq artisti Aygün Kazımovanın ölkədən çıxışına qadağa qoyulmuşdu. Buna səbəb isə müğənni həmkarı Natəvan Həbibi ilə arasında gedən qalmaqallı məhkəmə prosesi idi. Belə ki, məhkəmənin qərarı ilə Aygün Kazımova Natəvan Həbibidən üzr istəməli və yaydığı məlumatları təkzib etməli olduğu halda, buna əhəmiyyət verməmiş, çıxarılan qətnaməni icra etməkdən boyun qaçırmışdı. Nəticədə Nəsimi Rayon Məhkəməsi 01 oktyabr 2015 ci il tarixdə Aygün Kazımovanın ölkədən çıxışına qadağa qoyulması barədə qərardad çıxarmışdı.
2016-cı ildə Əməkdar artist Aygün Bəylər vergi borcunu ödəmədiyi üçün ölkədən çıxışı qadağan edilmişdi.
Ölkədən çıxışına qadağa qoyulan digər Əməkdar artist Mehriban Xanlarovadır. İllər öncə Yasamal Rayon Məhkəməsi aktrisa barəsində bu cür qərar çıxarmışdı. Belə ki, aktrisa müğənni Mətanət Əsədova kimi kreditlə avtomobil alıb, sonradan pulunu ödəyə bilmədiyi üçün "Unibank” tərəfindən məhkəməyə verilmişdi. Məhkəmənin qərarını icra etmədiyi üçün aktrisanın ölkədən çıxışına qadağa qoyulmuşdu.
2016-cı ildə Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adını açıqlamışdı. Siyahıda Əməkdar artist Abbas Bağırovun da adı var idi. Nazirlik vergi borcunu ödəmədiyi üçün müğənnini 30 min dəyərində cərimələmişdi. Müğənni isə vergi işçisinin toyuna getmədiyi üçün ona 30 min manat dəyərində vergi borcu yazıldığını iddia etmişdi.
Müğənni Ramal İsrafilov da vergi borcunu ödəmədiyi üçün bir müddət ölkədən çıxışına qadağa qoyulmuşdu.
"Zorik” ləqəbli rejissor Zöhrab Ağayev isə 2015-c ildə cəmi-cümlətanı 8 qəpik ucbatından ölkədən çıxışı qadağan edilmişdi. Rejissor bu barədə hava limanında, təhsilini davam etmək üçün İstanbula gedərkən öyrənmişdi. O, başına gələn yarıciddi, yarıgülməli olay barəsində bu cür açıqlama vermişdi: "Hava limanında mənim qarşımı kəsdilər, dedilər ki, Vergilər Nazirliyinə borcun var, ölkədən çıxışıma ”stop" qoyulub, ölkəni tərk edə bilməzsən". Mən də bu xəbəri eşidən kimi dərhal getdim Vergilər Nazirliyinə. Orada mənə dedilər ki, 8 qəpik borcun var. Mən də 8 qəpik vergimi ödədim. Vergimi ödədikdən sonra dekabrın 19-da ikinci dəfə hava limanından ölkəni tərk etmək istədiyim zaman eyni situasiya ilə qarşılaşdım. Dedilər ki, Vergilər Nazirliyinə borcun var. Mən də onlara dedim ki, 8 qəpik borcum var idi, ödəmişəm. Onlar da mənim sözlərimə cavab olaraq söylədilər ki, ölkədən çıxışınıza qoyulan qadağa hələ də qüvvədədir. Onların sözündən sonra ürəyim getdi. İndi-indi özümə gəlirəm. Onu deyim ki, bu hadisəyə görə bir çox insanlar cəzalanacaq".
Bu günlərdə azadlığa çıxan prodüser Təranə Səmədova barəsində də 2017-ci ildə ölkədən çıxışına qadağa qərarı çıxarılmışdı. Səbəb isə hansısa banka kredit borcunun olması ilə bağlı idi.