Ötən il 8 435 borclunun ölkədən çıxışı məhdudlaşdırılıb

Ötən il məhkəmə qərarlarının icrası sahəsində iş yükü kəskin artıb və icra qurumlarına 2015-ci illə müqayisədə 60% çox - 712 min icra işi daxil olub. Onlardan 300 mindən çoxunun icrası təmin edilib, digərlərinin icrası üzrə tədbirlər davam etdirilir. Görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə 548 milyon manata yaxın vəsait ödətdirilib.

sabahinfo.Az-ın məlumatına görə, bu barədə yanvarın 31-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən nazirliyin geniş kollegiya iclasında bildirilib.

İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 6 548 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib, o cümlədən 3 519 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, məhkəmə qərarlarının icrasından qəsdən yayınan 316 şəxs barəsində cinayət işi başlanılıb. Hesabat dövründə 8 435 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş 1 857 şəxsdən əvvəllər qoyulmuş məhdudiyyət götürülüb.

Məhkəmə ekspertizası mərkəzinə il ərzində 41 ekspert ixtisası üzrə 31 minə yaxın iş daxil olub, bu zaman ekspertlər 578 mindən çox suala cavab verməklə qaldırılmış məsələlərin 99,7%-ni həll ediblər.