Böyük Qayıdışa mane olan əsas faktor – Mina problemi

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in beş milli hədəflərindən biri olan Böyük Qayıdış qələbəmizi əbədiləşdirən, vətəndaşlarımızın soial rifahını yüksəldən, siyasi-iqtisadi sabitliyimizi möhkəmlədən mühüm bir konsepsiyadır. Dayanıqlı məskunlaşma və sakinlərin iqtisadi fəaliyyətə reinteqrasiyasını zəruri edən bu meqalayihə həm də insanların təhlükəsizliyini zəmanət verən bir sənəddir. Çünki vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi Ana yasamızda əsbit edilmiş ali məqsədlərindən biridir. İşğaldan azad olunmuş torpaqlarımızda təhlükəsiz, sağlam və əlverişli həyat şəraitinin yaradılması, müasir infrastrukturun qurulması, sosial xidmətlərə əlçatanlılığın təmin olunması qarşıya hədəf kimi qoyulub. Zəngilan rayonun Ağalı kəndinin, Füzuli, Şuşa, Xocalı, Laçın rayonlarında qısa müddət ərzində həyata keçirilən genişmiqyaslı işlər burada yaşamaq və fəaliyyət göstərmək üçün əlverişli mühitin yaradılmasına səbəb olub. Cəmi 8 aya müasir standartlara uyğun inşa edilən Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, 2022-ci il iyulun 19-da Zəngilan rayonunun Ağalı kəndinə, 2023-cü il martın 16-da Tərtər rayonunun Talış kəndinə, mayın 27-də Laçın şəhərinə, avqustun 18-də Füzuli rayonuna, avqustun 25-də Laçın rayonunun Zabux, 2024-cü il may ayının 9-da Şuşa şəhəri və Laçın rayonunun Sus kəndinə, may ayının 27-də isə Xocalı şəhərinə ilk köç reallaşıb. Qayıdış prosesi ən müxtəlif istiqamətlərdə davam etdirilir. İşğaldan azad olunmuş rayonlarımızın minalardan təmizlənməsi, infrastrukturun qurulması, yaşayış binalarının tikilməsi, yeni iş yerlərinin açılması, dövlət və qeyri-dövlət müəssisələrinin fəaliyyətinin təmin edilməsi və nəhayət sakinlərin öz doğma yurdlarına köçürülməsi Böyük Qayıdışın əsas komponentlərini təşkil edir. Həm infrastruktur, həm də kommunikasiya xətləri baxımından Qarabağ və Şərqi Zəngəzur yenidən ən müasir standartlara uyğun qurulan böyük coğrafi məkan kimi özünün regional əhəmiyyətini günü-gündən artırır. Nəqliyyat, kommunikasiya və kommunal infrastrukturun müasir standartlara uyğun qurulması, xərclərin effektivliyinin təmin edilməsi qayıdış prosesinin təhlükəsizliyinin təmin edilməsini şərtləndirir. Ən mühüm məqamlardan biri də odur ki, işğaldan azad edilmiş ərazilərin bərpası zamanı hər bir iqtisadi rayonun iqlim şəraiti, relyefi, yeraltı və yerüstü sərvətləri nəzərə nəzərə alınır. Heyvandarlıq, bağçılıq, tərəvəzçilik, üzümçülük və taxılçılıq sahələrinin inkişaf etdirilməsi üçün rayonların torpaqlarının keyfiyyəti və digər xüsusiyyətlər öyrənilir. Şübhəsiz ki, infrastruktrur layihələri ölkədə məşğulluq probleminin həllinə çox böyük təsir göstərir.

Sözsüz ki, bu gün vətəndaşlarımızın Qarabağa qayıdışına ən böyük maneə ərazilərimizin 30 il ərzində erməni işğalçıları tərəfindən minalanmasıdır. Ayağımızın altındakı görünməyən minalar müharibədən sonra yüzlərlə günahsız insanın ölümünə səbəb olub. Cənab Prezident İlham Əliyevin ötən ilin may ayında bildirdiyi kimi, Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər.

30 illik işğal dönəmində ilkin qiymətləndirmələrə görə Ermənistan Qarabağ və Şərqi Zəngəzura 1,5 milyondan artıq mina basdırıb. Minaların yollar, qəbiristanlıqlar, mülki təyinatlı digər obyektlərdə basdırılması prosesin sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətlərinin tərkib hissəsi kimi həyata keçirildiyini göstərir. Üstəlik, Ermənistan tərəfindən minaların xəritəsinin hələ də Azərbaycana təqdim olunmaması, bir sıra Qərb dövlətlərinin və beynəlxalq təşkilatların bu prosesdə məqsədli susqunluğu ermənilərin cinayətlərinin qurbanlarının sayının artması ilə nəticələnir. Postmüharibə dövründə 400-ə yaxın vətəndaşımız davam edən mina terrorunun qurbanına çevrilib.Mina terrorunda bu və ya digər formada rolu olan hər kəs cəzasını alması lazımdır. Azərbaycan dövləti ərazilərimizi qarış-qarış minalardan təmizləyəcək, hər bir vətəndaşımız tam rahat, təhlükəsiz şəraitdə Qarabağ və Şərqi Zəngəzur torpaqlarında gəzə biləcək. Bunun üçün bizə müəyyən qədər vaxt lazımdır. Vətəndaşların işğaldan azad olunmuş torpaqlarda əbədi və təhlükəsiz şəraitdə məskunlaşması dövlətimizin əsas məqsədlərindəndir.

Bu il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə Xocalı şəhərinə köçən sakinlərlə görüşündə ifadə etdiyi kimi, "Bütün Qarabağ və Şərqi Zəngəzur çox möhkəm bir istehkam zonası olacaq və burada artıq bu istiqamətdə işlər görülür ki, Azərbaycan xalqı əbədi əmin olsun, bir daha bu faciələr bizim xalqımızın başına gəlməyəcək".

Bütün bunlar onu göstərir ki, Böyük Qayıdış böyük tarixi, siyasi və sosial hadisə kimi Azərbaycanın və azərbaycanlıların həyatında çox mühüm yer tutacaqdır.

FUAD HÜSEYNZADƏ