Böyük Qayıdışın Laçın səhifəsi

İkinci Qarabağ savaşından qalib ayrılan Azərbaycan sürətlə Böyük Qayıdış konsepsiyasından irəli gələn məsələlərin icrasını həyata keçirməkdədir. Hər bir kəndə, qəsəbəyə, rayon və şəhərə qayıdış öz-özlüyündə böyük hadisədir. Öz dədə-baba torpaqlarından didərgin düşmüş soydaşlarımız 30 illik məcbur köçkün həyatının hər günündə, hər anında geridönüşü böyük səbrsizliklə gözləyiblər. Doğma yurdlarına böyük həvəslə qayıdan və ya qayıtmaq istəyənlər sırasında Laçın sakinləri də var. Prezident İlham Əliyev hələ İsmayıllı rayonunun Basqal kəndindəki çıxışı zamanı səsləndirdiyi "Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq "Qaçqınkom"a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq" fikirləri laçınlılarda böyük sevinc hissi yaratmışdı. Laçın Azərbaycanın ən gözəl, füsünkar təbiəti olan rayonlarındandır. Həkəri çayı ilə Zabux çayının qovuşduğu yerdən bir qədər yuxarıda – iki çayın arasında yerləşən Zabuxun əsrarəngiz gözəlliyi başqa bir aləmdir. Laçının bir çox kəndləri kimi Ermənistanla sərhəddə yerləşdiyi üçün Ermənistana gedən avtomobil yolu və yeraltı rabitə xətti bu kəndin ərazisindən keçirdi. Zabux, Sus və Qızılca kəndlərindən ibarət “Komsomol” kolxozunun sovetliyi Qarabağın ən öncül, inkişaf etmiş dairəsi idi. Zabux kəndindən keçən çaylar sayəsində bağ-bostan təsərrüfatı yaxşı inkişaf etmişdi. Bir güllə atılmadan işğaldan azad olunan Laçının bu kəndlərinə köç daha tez və sürətlə aparıldı. Ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşan Laçın şəhəri, həmçinin Zabux və Sus kəndləri sakinlərinin, ailələrin sayı dəqiqləşdirildi, onların sosial vəziyyəti və məşğulluq imkanları öyrənildi. Həmçinin əhali arasında təbliğat işləri aparıldı. 
Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir: "Əziz laçınlılar, siz uzun illər əzab içində yaşamısınız, həm fiziki, həm mənəvi, ağır şəraitdə, yataqxanalarda, vaqonlarda, çadır şəhərciklərində. Ondan daha ağırı mənəvi əzab idi. Yəni, öz doğma torpağına qayıda bilməmək əzabı dəhşətlidir. Bunu hər kəs başa düşməlidir və başa düşür. Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim deyirdim ki, qayıdacağıq, qayıdacağıq! Görürdüm ki, son vaxtlar ümidlər bir az səngiyir, bu da təbiidir. Yəni, 30 ilə yaxın. Bunu anlamaq olar. Amma deyə bilmirdim ki, nə vaxt qayıdacağıq. Necə deyə bilərdim? …demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu. Ona görə sizin üçün və sizin kimi keçmiş köçkünlər üçün şərait ən yaxşı olmalıdır, ən gözəl olmalıdır ki, siz uzun əzablı illərdən sonra burada rahat yaşayasınız".
Prezident İlham Əliyevin Laçına, Zabuxa və Susa qayıtmaqla bağlı sözləri bütün laçınlıların ürəyindən xəbər verdi.  Rusiya-Azərbaycan-Ermənistan arasında imzlanan 10 noyabr Bəyanatına əsasən, Laçından yan keçməklə Ermənistana gedəcək yol Qarabağda yaşayan etnik ermənilərin İrəvanla əlaqələrinin yaxşılaşdırılması üçün nəzərdə tutulmuşdu. Bəyanatın maddələrinə uyğun olaraq, Azərbaycan tərəfi yaxın üç il ərzində yeni yolun çəkilişini öz öhdəsinə götürüb. Azərbaycan tərəfi Bəyannamənin müddəlarına uyğun olaraq yeni yolun çəkilişini həyata keçirdi. Amma ermənilər Laçında yaşamaq istəmədilər, könüllü olaraq Qarabağı tərk etdilər. 
Qeyd edək ki, 1992-ci ildə Ermənistanın işğalı nəticəsində Laçın şəhərində 1340, Zabux kəndində isə 100 ev dağıdılaraq məhv edilib. İndi Laçın bərpa edilir. Laçın şəhər mərkəzinin və bəzi kəndlərin baş planı hazırlanıb. 
Laçın rayonunun böyük iqtisadi potensialı var. Burada turizm, sənaye, kənd təsərrüfatı üçün əlverişli zona hesab edilir. Laçın rayonunda civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var. Zabux kəndi Azərbaycanın ən səfalı yerlərindən biri hesab olunur. Laçınımız bu gün yenidən özünün laçın çağlarını yaşayır. Bura böyük bir abadlıq-quruculuq meydanına çevrilib. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev Laçın rayonuna səfərləri zamanı  Güləbird Su Elektrik Stansiyasının, "Qorçu" və "Laçın" şəhər yarımstansiyalarının, Laçın şəhərində 1 Dekabr, Heydər Əliyev, Zəfər və 28 May, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişmələrindəki lövhələrin açılışını etdi. Laçın Beynəlxalq Hava Limanının, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, 110/35/10 kV-luq "Laçın" Qovşaq Yarımstansiyasının, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməli qoyuldu. Rayonda həyata keçirilən layihələrin, aparılan quruculuq işlərinin gedişi ölkə başçısının nəzarəti altındadır. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri yaradılır. Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və bura gələn qonaqların sevimli istirahət məkanlarından olacaq. Artıq Həkəri çayında astana və göl yaradılıb. Gölün üzərində asma körpü inşa edilib, ətrafında yaşıllıqlar salınıb, kotteclər tikilib.
Böyük Qayıdış proqramı çərçivəsində Laçında həyata keçirilən genişmiqyaslı işlərin bir hədəfi, bir məqsədi var. Laçınlılar burada qayğısız, sülh və təhlükəsizlik şəraitində yaşasınlar, xöşbəxt olsunlar. Həqiqətən də, Laçında yaşamaq, yaratmaq bu gün ən böyük xöşbəxtlikdir. 

 

FUAD HÜSEYNZADƏ


Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yeni Həyat-İqtisadi İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Böyük Qayıdışa dair təşəbbüslər” layihə çərçivəsində çap olunur.