“Böyük Qayıdışın reallaşmasına hər kəs dəstək olmalıdır” –Aydın Hüseynov

“44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin tapşırığı və nəzarəti altında Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunda meqa layihələrə start verilib. Ermənistan silahlı qüvvələrinin işğalı zamanı dağıdılmış infrastruktur yenidən inşa edilir, insanların öz doğma yurdlarına qayıdışı və normal yaşayışı üçün yeni kəndlər, qəsəbələr salınır. Eyni zamanda tarixi-mədəni abidələrin bərpası, yeni məktəb, xəstəxana, müasir yaşayış kompleksinin inşasını xüsusi qeyd etmək olar". Bunu mediaya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Zəngilan rayonunun Ağalı kəndində ilk "Ağıllı kənd"in inşası ilə bağlı işlər başa çatmaq üzrədir: "Bütün bunlar 30 il yurdundan-yuvasından didərgin düşmüş insanların geriyə, öz ocaqlarına qayıdışını təmin etmək üçündür. Yaydan başlayaraq əhalinin köçürülməsinə başlanıla bilər. Qeyd etmək lazımdır ki, Azərbaycan çox qısa müddətdə azad edilmiş ərazilərin bərpasına başlayıb. Ərazilərdə avtomobil və dəmir yolları tikilir, həmçinin Zəngəzur dəhlizinin bərpası üzrə işlər görülür. Yeni iqtisadi şəraitə uyğun olaraq həyata keçirilən islahatlar, kölgə iqtisadiyyatı ilə mübarizədə həyata keçirilən tədbirlər və digər beynəlxalq təcrübədə təsdiqini tapmış mexanizmlər nəticəsində Azərbaycanda sahibkarlar ordusu formalaşıb. Bu gün Qarabağda gedən quruculuq prosesində məhz həmin potensialdan istifadə edilir. Özəl sektorun quruculuq prosesinə cəlb edilməsi bu işlərin sürətli həyata keçirilməsinə zəmin yaradır”.

A.Hüseynov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə əhalinin dayanıqlı məskunlaşması, müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamına əsasən, “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradılıb: “Bu fondun yaradılması təkcə bu günümüz üçün deyil, gələcək nəsillər üçün də əhəmiyyətlidir. Bu ərazilərin iqtisadiyyatında kənd təsərrüfatı məhsullarının istehsalı kifayət qədər böyük çəkiyə malikdir və hazırda kənd təsərrüfatı məhsullarının istehsalı torpaq vergisi istisna olunmaqla bütün vergilərdən azaddır. 2022-ci il yanvar ayının 1-dən 3 il müddətinə kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması, habelə kənd təsərrüfatı texnikalarının operativ lizinqə verilməsi və kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı aqrotexniki xidmətlər də ƏDV-dən azad edilib. O cümlədən kiçik və orta sahibkarlara vergi, habelə sosial sığorta üzrə güzəştlərin verilməsi ilə bağlı təkliflər hazırlanır. Münbit iqtisadi şəraitə adekvat olaraq dövlətimizin Böyük Qayıdışla bağlı hazırladığı proqramın həyata keçməsinə hər kəs – ölkəmizdə fəaliyyət göstərən iri, orta və kiçik sahibkarlar ordusu dəstək verməlidir”.