Böyük siyasətin məntiqi nəticəsi  

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etsə də daxili və xarici təsirlər ölkənin inkışafına, müstəqil dövlətin beynəlxalq münasibətlər sisteminə daxil olmasına ciddi maneələr yaradırdı. Ölkədə xalqın maraqlarını ifadə edən, insanları ətrafında birləşdirən və gələcəyə inandıran mərkəzi hakimiyyət yox idi. Ermənistan və onun havadarları bundan istifadə edir, əzəli torpaqlarımızın – Qarabağın və ətraf rayonların işğalını istədiyi kimi həyata keçirirdi. Bütün bunların fonunda ölkədə mərkəzi hakimiyyətin zəifliyi, silahlı qüvvələrin vahid komandanlıq altında olmaması, xarici izolyasiya, beynəlxalq tərəfdaşların və müttəfiqlərinin olmaması Azərbaycanın vəziyyətini daha da ağırlaşdırırdı.

 1993-cü ilin iyununda ölkədə kəskin hərbi-siyasi böhran yaşananda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə gələn dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyev bütün potensialını ortaya qoyaraq ölkəni böhrandan çıxarmaq və tərəqqi yolu ilə irəli aparmaq üçün tarixi xilaskarlıq missiyasını gerçəkləşdirməyə başladı. Hakimiyyətə qayıtdıqdan sonra vahid ordu quruculuğu siyasətini uğurla həyata keçirən Ümummilli lider müasir güclü və qalib Azərbaycan Ordusunun sarsılmaz təməllərini formalaşdırdı.

 Xalqına və Azərbaycan Ordusuna güvənən dövlət başçısı Heydər Əliyev bütün çıxışlarında bildirirdi ki, biz nəyin bahasına olursa-olsun, öz tarixi torpaqlarımıza qayıdacağıq. Bu siyasəti peşəkarlıqla, inamla, səbir və təmkinlə davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev illərlə arzusunda olduğumuz tarixi qələbəyə imza atdı, Ulu öndərin Ata vəsiyyətini şərəflə yerinə yetirdi.

 Azərbaycanın Vətən müharibəsindəki qələbəsi xalqımızın tarixinin ən parlaq səhifəsi, Ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi böyük siyasətin məntiqi nəticəsidir.

 Məlumdur ki, Azərbaycan xalqının Vətən müharibəsi haqq-ədalət müharibəsi idi və onun milli şüura böyük təsiri vardır. Belə həlledici mərhələ nəinki milli birlik ücün əvəzssiz fürsətlər yaradır, həm də millətin malik olduğu potensialı üzə çıxarır. Vətən müharibəsində Azərbaycanın Qələbəsini təsdiq edən 2020-ci ilin 10 noyabr Bəyannaməsi, əslində, postmüharibə dövründə növbəti uğurlu addımların hüquqi və siyasi bazasını təmin etdi.

 Beynəlxalq aləmi yuz illərlə aldadan, saxta mifoloji don geydirilmiş erməni güclərinin dağıdılması və ona himayədarllq edən qüvvələrin ifşa olunmasını təmin edən tarixi Qələbədən sonra məlum oldu ki, erməni məkrli niyyətinin millətçi, revanşist və terrorcu xisləti Azərbaycanın qarşısında yeni tarixi missiya qoyub. Bu missiyanı çoxlarının güman etmədiyi zamanda və şəraitdə Prezident İlham Əliyevin yenilməz iradəsi elə yerinə yetirdi ki, o, xalqımızın yüzilliklər boyu pozulmuş milli haqqını özünə qaytardı. Onun məntiqi sonluğu Azərbaycan ərazilərinin erməni terrorçularından birdəfəlik təmizlənməsi və oktyabrın 15-də Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda, Sərsəng su anbarının ərazisində Azərbaycanın Dövlət Bayrağını ucaltması tarixi Qələbəmizin, Zəfərimizin zirvə nöqtəsi oldu.

 Azərbaycan xalqı qarşısında bu mühüm tarixi missiyanı uğurla yerinə yetirməsi ilə Prezident İlham Əliyev şəxsiyyəti dünya tarixinin gedişinə təsir edən siyasi liderlər arasında örnək olacaq qəhrəmanlığın, müdrikliyin ən yaxşı nümunəsidir. İndi biz tarixi Qələbənin nəticələri ilə gələcəyə olan baxışların strateji hədəflərini müəyyən etməliyik.

 

Rəşad Sadıqov

siyasi elmlər üzrə fəlsəfə doktoru,

ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri