"Bu gün xarici tərəfdaşlarla əməkdaşlığımız çox sağlam təməl üzərində qurulub”.
Bunu Azərbaycan prezidenti İlham Əliyev Qaradağ rayonunda, SOCAR-ın "Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində söyləyib.
Dövlət başçısı deyib ki, həm investor, həm də kontraktor şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir: "Əlbəttə ki, onların öz korporativ maraqları var. Bizim isə dövlət maraqlarımız var və bu maraqlar üst-üstə düşür. Hesab edirəm ki, Azərbaycanda xarici investorlar üçün çox gözəl şərait yaradılıb. Bütün kontraktlar qanunla təsdiqlənir ki, bu da investorlarda inam yaradır. Beləliklə, bu gün ölkəmizin tarixində yeni gözəl hadisəni birlikdə qeyd edirik. Bu, nəhəng qurğu istənilən yerdə qazma işləri apara bilər. Yəqin ki, neftçilər yaxşı bilirlər, sovet dövründə suyun dərinliyinin 200 metrdən çox olan yerlərinə getmək imkanı yox idi. Bəlkə məhz buna görə biz "Azəri-Çıraq-Günəşli”, "Şahdəniz” yataqlarını bu gün müstəqil Azərbaycan üçün qoruya bilmişik. Əgər o vaxt belə imkanlar olsaydı, həmin yataqlar da artıq əlimizdən çıxacaqdı. Necə ki, bizim qurudakı əsas yataqlarımızın böyük əksəriyyətinin neft ehtiyatları çar Rusiyası zamanı və sovet dövründə tükəndi. Amma bu qurğu ilə biz istənilən yerdə qazma işləri apara bilərik. Bu qurğu suyun min metr dərinliyində işləyə bilər. Mənə verilən məlumata görə, qurğunun qazma dərinliyi 12 min metrə bərabərdir, çəkisi isə 26 min tondur. Bax, bu rəqəmlər özlüyündə göstərir ki, biz nə qədər böyük bir layihəyə start verdik. Eyni zamanda, göstərir ki, bizim işçilərimiz, mühəndislər, fəhlələr nə qədər yaxşı iş görüblər. Sizi bu münasibətlə bir daha təbrik edirəm və sizə yeni uğurlar arzulayıram”.
****
"Azərbaycana qoyulan investisiyaların böyük hissəsi xarici şirkətlər tərəfindən qoyulub. Bu qurğuya investisiyalar isə Azərbaycan dövləti tərəfindən qoyulub. Neftdən əldə edilən gəlirləri belə böyük, nəhəng layihələrə yönəldirik”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də SOCAR-ın "Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində deyib.
Prezident bildirib ki, bu layihənin icrası üçün həm Dövlət Neft Fondundan, həm Dövlət Neft Şirkətindən qoyulan vəsait təqribən 1 milyard dollara yaxındır: "Yəni, bu, həm bizim gücümüzü, həm də imkanlarımızı göstərir. Həm də onu göstərir ki, Azərbaycanda neft sənayesi uğurla inkişaf edir.
Xarici şirkətlər tərəfindən Azərbaycana sərmayə qoyulanda bizim əsas şərtlərimizdən biri o idi ki, Azərbaycanda bu sərmayələr, eyni zamanda, neft sənayesinin inkişafına xidmət göstərsin. Azərbaycanda iş yerləri yaradılsın, bizim işçilər yaxşı maaş alsınlar, onların peşəkarlığı artsın, onlar üçün təlim kursları keçirilsin və bu gün biz bunu görürük. Bu gün Azərbaycan vətəndaşları bütün əsas neft layihələrində uğurla işləyirlər və həm özlərinə, həm də ölkəyə böyük fayda verirlər”.
Dövlət başçısı qeyd edib ki, bu qazma qurğusunun yaradılması tarixi hadisədir: "Təsadüfi deyil ki, bu qazma qurğusuna ulu öndər Heydər Əliyevin adı verilmişdir. Heydər Əliyev Azərbaycanın müasir neft sənayesinin banisidir. Heydər Əliyevin neft strategiyası bu gün uğurla icra edilir. 1994-cü ildə "Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın neft sənayesində yeni dövr başlamışdır.
Bununla bərabər, hələ 1970-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın neft sənayesi üçün çox önəmli addımlar atılmışdır. O cümlədən dərin özüllər zavodunun tikintisi Ulu Öndərin təşəbbüsü ilə 1970-ci illərdə başlamışdı. Əgər o vaxt bu zavod Azərbaycanda tikilməsəydi, - yəqin, siz də eşitmişiniz ki, başqa variantlar da var idi, - Xəzərin digər sahillərində belə zavodun tikintisi nəzərdə tutulurdu. Heydər Əliyevin müdaxiləsi və səyləri nəticəsində dərin özüllər zavodunun tikintisi üçün yer Bakı seçildi. O zavodun bu gün neft sənayemizin, ümumiyyətlə, ölkəmizin inkişafı üçün əvəzolunmaz rolu var.
Yəni, hələ 1970-ci illərdə neftayırma zavodlarının modernləşdirilməsi, digər layihələrin icrası Azərbaycanda neft sənayesinin inkişafına xidmət göstərirdi. O ki qaldı, müstəqillik dövrünə, əgər 1994-cü ildə biz xarici tərəfdaşları Azərbaycana investisiya qoymağa cəlb etməsəydik, bu gün Azərbaycanın, ümumiyyətlə, iqtisadi vəziyyəti tam fərqli ola bilərdi.
1994-cü ildə "Əsrin müqaviləsi”nin imzalanması tarixi hadisə idi və mən o günləri yaxşı xatırlayıram. Bu mərasimdə iştirak edən hörmətli Xoşbəxt müəllimlə birlikdə biz danışıqlarda iştirak etmişik. Biz 1994-cü ilin may ayında İstanbulda və iyul-avqust aylarında isə Amerikanın Hyuston şəhərində danışıqlar aparırdıq ki, Azərbaycan üçün ən məqbul şərtləri təmin edək.
Eyni zamanda, elə edək ki, xarici investorlar da qaçmasın və onlar üçün də yaxşı şərait yaradılsın. Hesab edirəm ki, biz hər iki tərəf üçün məqbul variantı əldə etdik. Gərgin danışıqlar nəticəsində 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi” imzalandı və bu gün uğurla icra edilir. "Əsrin müqaviləsi” imzalanmasaydı, indi Azərbaycan bu qədər inkişafa nail ola bilməzdi. Bunu hamı bilməlidir.
Bizim uğurlu inkişafımızın əsas mənbəyi "Əsrin müqaviləsi”dir və o layihədən əldə olunan gəlirlərdir. Biz gəlirləri uğurla digər sahələrə yönəltdik. Əlbəttə ki, neft-qaz əməliyyatlarının davam etdirilməsi prosesi getmişdir, "Şahdəniz” layihəsi 1996-cı ildən başlayaraq uğurla icra olunur. Hazırda biz digər layihələr üzərində işləyirik. Heydər Əliyev yarımdalma qazma qurğusu çox perspektivli "Abşeron” qaz-kondensat yatağında işləyəcək. Əminəm ki, biz tezliklə - bir neçə ilə "Abşeron” yatağından da yaxşı nəticələr görəcəyik”.