Bakıda ərini ürəyindən bıçaqlayaraq öldürən 27 yaşlı Nuridə Kərimovanın bəraət alması barədə hökmdən apellyasiya protesti verilib.
Sabahinfo.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə 2016-cı il iyulun 23-də Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Cəlilabad rayon sakini N.Kərimova deyib ki, əri V.Kərimov sərxoş vəziyyətdə onu döyüb, stulu başına vurmaq istəyəndə əlinə bıçaq götürüb və V.Kərimov üstünə gələndə bıçaq sinəsinə batıb. V.Kərimovun atası, hüquqi varisi Safa Kərimov məhkəməfə gəlini Nuridəni bağışladığını deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub və N.Kərimovaya bəraət verilib. O məhkəmə zalından azadlığa buraxılıb.
Prokurorluq isə hökmdən narazı qalıb. Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Fərid Nağıyev hökmdən apellyasiya protesti verib. İş icraata götürülüb və ilkin baxış iclası aprelin 24-nə təyin edilib. Proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüqar Məmmədovun sədrliyi ilə keçirilir.