Putinin Qarabağ cavabı: "Əlimizdən gələni edəcəyik, amma..."

"Dağlıq Qarabağ münaqişəsi olduqca həssas mövzudur. Biz bu məsələyə diqqətlə yanaşmalıyıq”

Bu barədə Rusiya prezidenti Vladimir Putin vətəndaşların canlı yayımda suallarını cavablandırarkən deyib.

Rusiya prezidenti Qarabağ münaqişəsinin uzun müddət davam edən konflikt olduğunu bildirib: "Münaqişə dondurulmuş vəziyyətdə qalıb. Çox təəssüflər olsun ki, zorakılıq partlayışı baş verdi. Biz münaqişənin nizamlanması, hər iki tərəf üçün məqbul həll yolunun tapılması üçün əlimizdən gələni edəcəyik. Təbii ki, bu məsələdə uzunmüddətli həll yolu tapılmalıdır. Münaqişə yalnız siyasi yolla həll olunmalı, kompromis tapılmalıdır”.

Rusiya lideri etiraf edib ki, bir neçə il əvvəl münaqişənin nizamlanması istiqamətində kompromis əldə oluna bilərdi: "Mənə elə gəlir ki, bir neçə il əvvəl praktik olaraq münaqişənin nizamlanması üçün hər iki tərəfdə kompromisə yaxınlaşmışdıq. Təəssüflər olsun ki, sonradan bunu belə olmadığı məlum oldu. Münaqişənin nizamlanması üzrə həm beynəlxalq strukturlar, həm də ikitərəfli əlaqələr çərçivəsində işləri davam etdirəcəyik”.

Rusiya prezidenti, həmçinin qeyd edib ki, kimin nə deməyindən asılı olmayaraq, Rusiya bu məsələnin həllində maraqlıdır: "Biz həm Ermənistan, həm də Azərbaycanla hərtərəfli əməkdaşlıq etmək istəyirik. Rusiyada xeyli sayda erməni və azərbaycanlı yaşayır. Söhbət milyonlardan gedir. Şükürlər olsun ki, Rusiya ərazisində bununla bağlı problemimiz yoxdur. Faciəli olaylara baxmayaraq, yaxşı münasibətlərə malik olan erməni və azərbaycanlılar tanıyıram. Düşünürəm ki, bu çox yaxşı haldır”.

Putin daha sonra vurğulayıb ki, Rusiya münaqişənin həllinə öz töhfəsini verəcək: "Lakin münaqişənin həlli ilə bağlı son qərarı Ermənistan və Azərbaycan verməlidir”.

azvision.az