"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi PAOK-un Yunanıstan çempionatındakı son matçı klubun sahibi İvan Savvidisin ürəyincə olmayıb.
sabahinfo.Az Apasport.az-a istinadən xəbər verir k, Savvidis bunu futbolçularla görüşdə deyib.
O, Super Liqanın VII turunda "İraklis”lə matça toxunaraq, nəticədən narazılıq bildirib. Savvidis, xüsusən də, hücum xəttinin "dişsiz”liyindən gileylənib: "İraklis”lə oyunun fasiləsində hesab 4:0 olmalı idi. Amma biz cəmi 1:0 hesablı qələbə qazandıq. Saysız-hesabsız qol imkanlarından yararlana bilmədik. Bu problemi yoluna qoymaq lazımdı. Baş məşqçi bunun təhlilini aparıb, komandadakı çatışmazlığı aradan qaldırmalıdı”.
PAOK-un sahibi futbolçulara qarşıdakı oyunlarla bağlı tapşırıq da verib. Belə ki, o, Yunanıstan çempionatında "Olimpiakos” və AEK-lə görüşlərdə uğurlu nəticə, "Qarabağ”la iki oyunda isə 6 xal toplamağı komandanın qarşısına hədəf qoyub.
Qeyd edək ki, Avropa Liqasının III turu çərçivəsində oktyabrın 20-də "Qarabağ”ın qonağı olacaq PAOK noyabrın 3-də Ağdam təmsilçisini qəbul edəcək.