Qurban Qurbanov: “Belə oyunlara ehtiyacımız var”

Çempionlar Liqasının qrup mərhələsində səfərdə "Atletiko” ilə bərabərə qalan (1:1) "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Qol.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk öncəni görüşüşərh edib:


- Ağır oyun oldu. Bir xal qazanmağımıza baxmayaraq, rəqib çox yaxşı oynadı. Bu cür oyunlarda futbolçularımın təcrübə qazanması mənim üçün çox önəmlidi. Rəqibin qol epizodları çox olsa da, yetirmələrim sonadək mübarizə apardılar. "Atletiko”ya gələcək oyunlarda uğurlar arzulayıram.

- "Atletiko” ilə ilk oyunda da qırmızı vərəqə olmuşdu, bu dəfə də...

- İlk oyundan sonra demişdim – yalnış qərar idi. Ancaq məncə, bu dəfə hakim haqlı idi. Pedro ayağını çox yuxarı qaldırmış

- Rəqiblər müəyyənləşdikdən sonra hamı "Qarabağ”a autsayder kimi baxırdı. Amma ən güclü rəqibdən 2 xal aldınız. Demək olarmı ki, artıq hədəfə çatdınız. Yoxsa qarşıda başqa hədəfiniz var?

- Çox güclü qrupa düşmüşük. Hər bir komandanın lider olma potensialı var. Belə oyunlara ehtiyacımız var. Futbolçular bərkiməlidirlər, belə oyunlardan zövq almalıdırlar. Hətta uduzsaq belə, nəticə hamıya inam verir. Qarşıdakı oyunlarda da buna çalışmalıyıq. Çünki nəticə önəmlidi. İmkanımız varsa, maksimum hazırlaşacağıq. Durmaq isətmirik. Əksinə, potensialımızı açmaq istəyirik.

- Siz qeyd elədiniz ki, belə turnirlərdə iştiraka ehtiyacınız var. Gələn ildən "Qarabağ” kimi komandaların Çempionlar Liqasına düşməsi çətinləşəcək. Bu haqda nə deyə bilərsiniz?
- İndi bu haqda dəqiq nəsə demək çətindi. Bəlkə doğru qərardı. Amma hər bir komanda bu turnirdə iştirakdan sonra hər il qatılmaq istəyir. Gələcəkdə işimiz ağır olacaq. Potensialımızı gücləndirməliyik. Nə qərar qəbul etsələr, buna əməl etməyə borcluyuq.

- İkinci hissədə Enikenin qırmızı vərəqə görməsi və Geryenin zədələnməsi planları pozdumu?

- İtki olanda plan pozulur. Qırmızı vərəqə haqda düşünmürdük. Zədə hardasa ola bilər. Amma "qırmızı” planı pozur. Futbolda mütləq qırmızı, sarı vərəqələr, oyunçu itkisi olacaq. Amma futbolçular belə böyüyürlər. Bu turnirdə oynamaq onlara çox fayda verdi. Nəticə öz yerində. Geryenin zədəsi bu gün yox, amma sabah bizim üçün problem ola bilər.

- Bu gün "Qarabağ” oyun planında ÇL-də son 4 ildə 2 dəfə final oynamış "Atletiko”nu üstələdi. Buna görə hansı hissləri keçirirsiniz?

- Məğlub olmağın, nəticə qazanmağın öz məsuliyyəti var. Bu cür oyunlar məsuliyyətimizi artırır. Belə nəticələr bizi rahat olmağa qoymur. Sevinmək bir anlıq olur. Qarşıda ağır oyunlarımız var. Mütləq diqqətli və sadə olmalı, işimizə daha yaxşı yanaşmalıyıq. Bunlar təsadüf yox, daimi olmalıdı.

- Komandanız fasiləyə gözlənilmədən öndə yollandı. Yəqin bunu siz də gözləmirdiniz. Fasilədə komanda ilə nə danışdınız, kimə nə dediniz?

- Hər oyunun, hər hissənin öz analizləri, açıqlamaları var. Oyundan öncə hər şeyə hazır olmalıyıq. Rəqibi analiz edib, futbolçulara tapşırıqlar veririk. Fasilədə həmin tapşırıqların bir az da üzərinə gedirik. Bəzi futbolçularla əlavə söhbətlər olur. Ancaq bunu burda açıqlaya bilmərəm. Qoldan sonra komandada gərginlik oldu. Bunu üzərimizdən atmaq üçün fasilədə danışdıq. Özünüz də gördünüz ki, qapımızda qol gördükdən sonra da aktiv oynamağa çalışdıq.

- "Qarabağ” imkanına görə Çempionlar Liqasında ən axırıncı komandadı. Ancaq bu gün həm komandanız, həm də siz özünüzü sübut elədiniz. Bu turnirin yekununda başqa ölkələrdən hansısa təklif gözləyirsinizmi?

- Açığı, belə bir təklif haqda düşünmürəm. Elə bir komandadayam ki, burda işimi daha da yaxşılaşdırmağa çalışıram. Bu günə kimi bu barədə düşünməmişəm. Həmişə Azərbaycan futboluna kiçik də olsa fayda verməyə çalışmışam.