Rusiyada 60-dək türk sahibkarı saxlanıldı

Rusiyanın Krasnodar şəhərində 60 nəfər Türkiyə vətəndaşı saxlanılıb. Onların Rusiyanın miqrasiya qanunvericiliyini pozduğu üçün saxlanıldığı bildirilir.

Sabahinfo.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, saxlanılanların hamısı Krasnodarda keçirilən "YuqAgro" aqrar-sənaye sərgisində iştirak etmək üçün Rusiyaya gəliblər.

Məlumata görə, saxlanılan şəxslər sərgidə Türkiyə şirkətlərinin məhsullarını təqdim ediblər və biznes tərəfdaşları ilə ünsiyyət qurublar.

"Türklər işgüzar viza almadan turist qismində Rusiyaya gəliblər”, məlumatda deyilir.

Türkiyəli iş adamlarının sözlərinə görə, onlar qanunu pozduqlarından xəbərsiz olublar: "Biz gömrüyü keçərkən bizdən Rusiyaya gəlişin məqsədi barədə soruşdular. Biz də sərgidə iştirak etmək üçün gəldiyimizi dedik. Biz səfərin məqsədinin rəsmiləşdirilməsi zamanı sənəddə harada nə qeyd edəcəyimizi soruşduq və bizə dedilər ki, turist kimi qeyd edin. Bizim şirkət ilk dəfədir bu sərgidə iştirak edir. Biz bu sərgiyə iştirakımızın əsas məqsədi, gələcəkdə satış üçün hansısa xammalın ixracına dair Rusiyadan tərəfdaş tapmaqdır”, deyə Türkiyə şirkətinin rəhbəri Barış Halkan jurnalistlərə bildirib.

Bir gün nəzarətdə saxlanıldıqdan sonra iş adamlarından bir qrupu məhkəmə qarşısına çıxarılıb. Məhkəmə onlar barəsində 10 gün Soçidə qanunsuz miqrantların toplama məntəqəsində saxlanılmasına və daha sonra ölkədən çıxarılmasına dair qərar verib.

Saxlanılan iş adamları bundan əvvəl bu tip tədbirlərə turist qismində gəldiklərini və heç bir problemlə üzləşmədiklərini bildiriblər.