Səbail rayonunda iftar süfrəsi

Dünya müsəlmanlarının ən əziz bayramlarından biri olan müqəddəs Ramazan bayramı münasibətilə YAP Səbail rayon təşkilatı və Səbail rayon İcra Hakimiyyəti hər il olduğu kimi, bu il də öz ənənəsinə sadiq qalaraq aztəminatlı rayon sakinləri üçün iftar süfrəsi təşkil etdi.

4 iyun 2019-cu il tarixində YAP Səbail rayon təşkilatı və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Səbail rayonunda Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açıldı.

250 nəfərlik iftar süfrəsində rayon ictimaiyyəti nümayəndələri, rayonun Səbail, Badamdar və Bibi-heybət qəsəbələrinin əsasən aztəminatlı sakinləri, müharibə veteranları, şəhid ailələrinin üzvləri, kimsəsizlər, tənha ahıllar, əlillər, eləcə də partiya fəalları, gənclər iştirak etdilər.

Mərasimdə Qurani-Kərimdən ayələr oxundu, dualar səsləndi, bu müqəddəs ayın fəzilətlərindən, iftarın savablarından danışıldı, ölkə rəhbərliyi səviyyəsində milli-mənəvi dəyərlərimizin qorunması və aztəminatlı vətəndaşlara göstərilən dövlət qayğısı xüsusi vurğulandı. Sonra iftar süfrəsi açıldı.

İştirakçılar, rayon sakinləri iftarın təşkilində əməyi keçənlərə minnətdarlıqlarını bildirdilər və onlara cansağlığı, bol ruzi-bərəkət arzuladılar.