Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri başa çatıb. Turnirdə hər üç güləş növü üzrə yığma komandalarımız mübarizə aparıb.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yarışların üçüncü günündə sərbəst və yunan-Roma güləşi üzrə final görüşləri keçirilib. Hər iki yığma komandamız qrup görüşlərini qələbə ilə başa vurub və finala yüksəlib. Finalda həm sərbəst, həm də yunan-Roma yığmamız Rusiya komandası ilə qarşılaşıb.
Yunan-Roma güləşçilərinin qarşılaşmasında 6:2 hesabı ilə qalib gələn Rusiya turniri ilk sırada tamamlayıb. Azərbaycan yığması isə Avropa Millətlər Kuboku turnirini gümüş medalla başa vurub.
Sərbəst güləşçilərin qarşılaşmasında hesab 5:3 Rusiya yığmasının xeyrinə başa çatıb. 7 güləşçi ilə mübarizə aparan sərbəst güləş yığmamız da Avropa Millətlər Kuboku turnirinin gümüş medallarına yiyələnib.