Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər 
Əsədə qarşı olan qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə 
təqsirləndirilən 6 nəfər - Sənan Baxışov, Ruslan Cəfərov, Eldost 
Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanovun 
cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 
 
Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbirinin verdiyi məlumata görə, prosesə hakim Mirzə Xankişiyev sədrlik edib.
Prosesdə təqsirləndirilən Sənan Baxışova sərbəst ifadə vermək 
təklif olundu. O, ifadə verməkdən imtina etdi və yalnız şəriət qanunları
 üzrə mühakimə olunmaq istədiyini dedi: "Yüz dəfə aparıb-gətirsələr də 
eyni şey olacaq. Biz bu qanunlarla mühakimə olunmaq istəmirik. Allahın 
hökmlərindən başqa bütün hökmləri inkar edirik”.
 
"Cəbhətül-Nüsra” və "Abu Ənsar”ın terror təşkilatı olmasından xəbərim olmayıb”
 
Hakim təqsirləndirilən şəxsə Allahın hökmünü, iradəsini qəbul 
etməyən insan olmadığını bildirdi: "Bizi maraqlandıran odur ki, sizi 
niyə tutublar”.
 
Təqsirləndirilən şəxs isə məhkəməni inkar etdiyini, danışmaq istəmədiyini dedi.
 
Bundan sonra təqsirləndirilən S.Baxışovun istintaqa verdiyi ifadəsi elan olundu.
 
İbtidai istintaq zamanı S.Baxışov ifadəsində ona elan olunmuş 
ittihamlarla özünü qismən təqsirli bildiyini, ibadətlə məşğul olduğunu, 
əslən türk olan Abu Hanzalanın dərslərinin videoyazılarını internet 
vasitəsilə dinlədikdən sonra Suriya prezidenti Bəşər Əsədin müsəlmanlara
 qarşı törətdiyi soyqırımı anladığını, buna görə də cihada getmək 
qərarına gəldiyini göstərib: "Bu barədə Ağsu rayonundan olan Zamiq 
Vəliyevə danışdım. Mənimlə eyni əqidədə olan Zamiq Həsən adlı şəxsin 
nömrəsini mənə verdi. 26 mart, 2013-cü ildə Türkiyəyə getdim, Həsəni 
tapdım. Həsən məni gizli yollarla Suriya ərazisinə keçirdi.
 
Orada dini adı "Abu Hafs” olan Aqil Hacıyevin rəhbərlik etdiyi 
"Sumqayıt camaatı”na qoşuldum, Abu Hafsaya biət etdim. "Sumqayıt Abu 
Hafs camaatı” "ən-Nüsra Cəbhəsi” hərbi qruplaşmasının tərkibində idi. 
Orada olan müddətdə əslən ərəb olan Abu Yusif mənə və "Sumqayıt 
camaatı”na hərbi təlimlər keçir, odlu silahdan istifadə etmək 
qaydalarını, döyüş taktikasını öyrədirdi.
 
Təxminən 15 gündən sonra Azərbaycandan olan, dini adları Mustafa və
 Abu Usama olan şəxslərlə "Sumqayıt Abu Hafsın camaatı”ndan ayrılaq 
Sarma vilayətində olan "Ənsar camaatı”na qoşulduq. Eldost Quliyevlə 
orada tanış olmuşam. Birlikdə hərbi və fiziki təlim keçmişik.
 
11 ay orada qaldıqdan sonra "Azad Suriya Ordusu” tərəfindən əsir 
götürüldük. Orada Muaz ləqəbli Maarif Mərdanovu da gördüm. Əsirlikdən 
azad olunandan sonra Azərbaycana qayıtdım. "Cəbhətül-Nüsra” və "Abu 
Ənsar”ın terror təşkilatı kimi tanınmasından məlumatım olmayıb, heç bir 
terrorçuluq əməli törətməmişəm, belə bir məqsədim də olmayıb”.
 
"Sizin ağlınızı şikəst ediblər” 
 
Bundan sonra təqsirləndirilən Ruslan Cəfərova ifadə vermək təklif 
olundu. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdi və Allahın 
buyurduğu qanunlardan başqa heç bir dünyəvi qanunu qəbul etmədiyini 
bildirdi.
 
Hakim üzünü təqsirləndirilən şəxslərə tutaraq dedi: "Mənə çox 
maraqlıdır, aranızda dini fəlsəfəni dərindən bilən, Quran mahiyyətini 
dərk edən varmı, onunla rahat danışaq”.
 
R.Cəfərov hakimə cavabında indiki insanların Allahın yer üzünə 
göndərdiyi Müqəddəs Kitaba münasibətlərinin pis olduğunu dedi: "Allah 
Məhəmməd peyğəmbər vasitəsilə Quranı yolladı ki, oxuyun. Amma indi 
oxumaq əvəzinə aparıb şkafa qoyurlar. Quran şkaf üçün göndərilməyib, 
oxumaq üçün göndərilib, oxuyub, Allahın buyurduğu kimi ömür sürməyə 
göndərilib. Danışmaq istəmirəm, amma ürəyim partlayır. Özümə söz 
vermişəm ki, cinayət dediyiniz şeylə bağlı bir kəlmə belə 
danışmayacağam”.
 
Hakim deyilən sözlərə qısa arayış verdi: "Sizin ağlınızı şikəst ediblər. Sizin nə işiniz var idi Suriyada?”
 
"Orada dini müharibə getmədiyini anladım” 
 
Sonra R.Cəfərovun istintaqa verdiyi ifadəsi elan olundu.
 
İbtidai istintaq zamanı ona elan olunmuş ittihamla özünü qismən 
təqsirli bilib, 2012-ci ildən ibadətlə məşğul olduğunu, dini adının 
"Abdul Rəşid” olduğunu göstərib: "Suriyada vətəndaş müharibəsi olduğunu 
internet vasitəsilə izləyirdim. Cihada qoşulmaq üçün 25 sentyabr, 
2012-ci ildə tanışım Elşad İslamovla birlikdə İstanbula, oradan isə 
Suriyanın Artma şəhərinə getdik. Bəşər Əsədə qarşı döyüşən Ömər 
Şişaninin (söhbət İŞİD-in ən güclü hərbi rəhbərlərindən biri, əslən 
Gürcüstanın Pankisi dərəsindən olan və "Ömər Şişani” kimi tanınan Timur 
Batiraşvilidən gedir-red.) camaatına qoşulduq.
 
Mənə avtomat silah verdilər. Suriyanın Qah şəhərində hərbi təlimlər
 keçirdik. Şeyx Süleyman şəhəri və digər bölgələr uğrunda döyüşlərdə 
iştirak etmişəm. Üç ay orada qaldıqdan sonra əslində Suriyada dini 
müharibə getmədiyini, fitnə baş verdiyini anladım. Silahımı təhvil verib
 dəstədən ayrıldım. Suriyanın Türkiyə ilə həmsərhəd ərazilərindəki boş 
evlərdə tək yaşamağa və türklərin maliyyə dəstəyi ilə dolanmağa 
başladım.
 
2 aprel, 2014-cü ildə "Azad Suriya Ordusu”nun üzvləri onlarla 
birlikdə Bəşər Əsədə qarşı döyüşməyi təklif etdilər. Razılaşmadım və 
Türkiyəyə keçib Azərbaycana qayıtdım.
 
Mənim terrorçuluq etmək kimi bir niyyətim olmayıb. Yalnız cihad 
etmək üçün oraya getmişdim. Aqil Hcıyevin rəhbərlik etdiyi "Sumqayıt Abu
 Hafs camaatı”, "Ənsar camaatı”, "Çeçen Seyfullahın camaatı” da 
"Ən-Nüsra Cəbhəsi”nin vahid komandanlığı altında fəaliyyət göstərirdi”.
 
Digər təqsirləndirilən Məmmədşah Məmmədəliyevə ifadə vermək təklif 
olundu. O, ifadəsində Suriyaya getdiyini və 3 övladının olduğunu dedi: 
"Allah Quranı bizə nazil edib ki, onunla aramızda hökm buyursun. Amma 
siz bizi Allahın göndərdiyi kitabla deyil, Roma papasının verdiyi 
konstitusiya ilə mühakimə edirsiniz. Burda nə danışaq, nə deyək?
 
Üç övladım var. Allahın əmri ilə Suriyaya getdim. Məqsədim 
müharibədən əziyyət çəkən müsəlman qardaşlarıma kömək etmək olub. 
 "Cəbhətül Nüsra” adlı dini qrupda olmuşam. Orada yerli camaat da çox 
idi, azərbaycanlılar da. Döyüşdə yaralanan qardaşlara kömək etmişəm. Heç
 bir silahlı təlimdə iştirak etməmişəm. Çünki buna ehtiyacım olmayıb. 
Hərbi xidməti cəbhə bölgəsində keçmişəm. Silahdan istifadə etməyi 
bacarıram. Silahım olub, yerli camaatdan almışdım. Əməlimdən peşman 
deyiləm”.
 
Hakim M.Məmmədəliyevin ifadəsindən sonra qısa arayış verdi: "Sən 
burda olmasaydın, mən də bu zalda hakim olmasaydım, sənə dindən elə 
danışardım ki, özün məəttəl qalardın. Dörd-beş dini kitab oxuyub özünü 
savadlı bilirsən”.
 
M.Məmmədəliyev isə cihadın şərtləri olduğunu, şəriətə uyğun olaraq Suriyanı seçdiyini dedi.
 
"Suriyadakı cihad cihad deyildi” 
 
Təqsirləndirilən şəxslərdən Əhməd Həsənov və Maarif Mərdanov da ifadə verməkdən imtina etdilər.
 
Ə.Həsənovun ibtidai istintaqa verdiyi ifadəsi elan olundu. O, 
ifadəsində özünü qismən təqsirli bilib, Suriyada baş verən 
qarışılıqlarla əlaqədar ora getmək fikrinə düşüb, məqsədinin dini 
qaydalara uyğun yaşamaq və cihada qoşulmaq olduğunu göstərib: "2013-cü 
ilin avqust ayında Eldost Quliyev və Aqil Hümmətovla Türkiyəyə getdik. 
Həsən adlı şəxsin vasitəsilə Suriyaya keçdik. Eldost və Aqil "Sumqayıt 
camaatı”na qoşuldular. Mən isə "Ahraru Şam camaat”ına qatıldım.
 
"Ahraru Şam camaatı”nın əmiri milliyyətcə ərəb olan Abu Yəhya idi. 
Bizə hərbi təlimlər keçirilirdi, döyüş taktikası öyrədilirdi. Mən 
terrorçuluqla məşğul olmamışam və "Ahraru Şam camaatı”nın terror 
təşkilatı kimi tanınmasından məlumatım olmayıb.
 
2014-cü ilin mart ayında "Azad Suriya Ordusu” tərəfindən əsir 
götürülmüşəm. Onlarla birlikdə döyüşmək istəmədim. Suriyadakı cihadın 
cihad olmadığını anlayaraq geri qayıtdım”.
 
Ə.Həsənov qısa çıxışında verilən ittihamların əsassız olduğunu 
bildirdi: "Cihad - küfrlə mübarizə aparıb haqqa yiyələnmək deməkdir. 
Burada danışmağın heç bir əhəmiyyəti yoxdur. Özləri düzüb qoşublar. 
İbtidai istintaqa verdiyim ifadəni elan edirsiniz, amma orada bir dənə 
düzgün məqam yoxdur. Özlərinə nə sərf edirsə, onu da yazıblar. Hökm 
Allahındır. Başqa sözə ehtiyac yoxdur”.
 
Təqsirləndirilən Maarif Mərdanov ibtidai istintaqa verdiyi 
ifadəsində cihada qoşulmaq üçün Suriyaya getdiyini, Suriya ərazisinə 
Həsən adlı şəxsin vasitəsilə qaçaq yolla keçdiyini göstərib: "Aqil 
Hacıyevin rəhbərlik etdiyi "Sumqayıt camaatı”na qoşuldum. Orada dini 
təhsil alırdım, hərbi təlimlər keçirdilər. Suriyada olduğum müddətdə heç
 bir döyüşdə iştirak etməmişəm. 2014-cü ilin aprel ayında Azərbaycana 
qayıtmışam”.
 
Məhkəmə prosesi mayın 5-də davam edəcək.
 
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər BMT 
tərəfindən terror təşkilatı kimi tanınan "ən-Nüsra Cəbhəsi” adlı 
cinayətkar birliyin tərkibinə daxil olan Suriya Ərəb Respublakası 
ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi 
ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində dini 
düşmənçilik zəminində iştirak ediblər.
 
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 228.1, 12.1, 
279.1-ci, 123, 214.2 və 28-ci maddələri ilə ittiham irəli sürülüb.