Təhqir olunmuş ət

Qəribə adam idi. Məzəli görkəmi vardı. Səliqə ilə əl gəzdirilmiş nazik bığının aşağısı nazik, yuxarısı enli burnunun alt hissəsində qalmış yeri saralmışdı. Alnının ortasında düzünə dayanmış ikisi böyük, biri balaca üç düz xətt üzünə qeyri-ciddilik verirdi. Səhər-səhər təraş olunmasına baxmayaraq irəliyə qabarmış yanaq sümükləri tüklə dolu idi. İri ağzının fonunda çənəsi demək olar ki yoxdu. Muncuq kimi sırlanmış dişləri və düz qaməti ilə fəxr edə bilərdi. Arıq bədəninə yaraşmayan, bədənin tən ortasında yumrulanıb qalmış yekə qarnı məzəlilik ahəngini tamamlayırdı. Şüllə başına keçirdiyi dairəvi yekə kepka iri əsgər qazanına oxşayırdı. İslanmış corab kimi məftildən asılmışdı. İyun Günəşinin yandırıcı nəfəsindən böyük ağac kötüyünün arxasında sallanıb qalmışdı. Rezinə oxşayırdı, dartsaydın uzanardı. Ağzında kibrit çöpü gəlib gedənləri etinasız nəzərdən keçirirdi. Piştaxtanın üstünə yığılıb qalmış ət parçalarını götürüb qaçan olsaydı yerindən tərpənməyə halı yox idi. Kibrit çöpünü siqaretlə əvəz etdi. Yandırıb əllərini yanına salladı, ayağını ayağının üstünə aşırıb dairəvi taxta kətilin üstündə əyləşdi. Tənbəl-tənbəl tüstüsünü udub külünü kənara atmadan sümürməyə başladı. Başını sağ çiyninə əyib bir müddət beləcə qaldı. Əlini atıb ağzında sönmüş siqaret kötüyünü tullamağa əziyyət çəkirdi. Sonuncu gücünü toplayıb tüpürcək qarışıq kötüyü kənara tüpürdü. Ölgün vəziyyətdə bədənini qabağa uzatdı, çənəsini piştaxtaya dirəyib gözlərini milçək basmış ətlərə zillədi. Ağzını yarı açıb bazarın çirkli tozunu ağzına doldurmağa başladı. Halsızlığı ağzının kənarına qonmuş milçəyə təpinməyə imkan vermirdi. Dilini çıxarıb qurumuş dodaqlarını isladanda milçək uçdu. Mürgülədi. Elə əsnədi ki, ağzı hədəqəsindən çıxdı, gözləri qapaqlarının altında itdi. Gözünün qarasından əsər-əlamət yox idi, yalnız istidən qan dammış ağı qalmışdı. Gözündən yaş gəldi. Yekə ağzını ləzzətlə marçıldadıb yayxandıraraq öz yerinə qaytarmaq istəyəndə dişləri biri-birinə dəyib möhkəmcə şaqqıldadı. Gözlərini yumub yuxuya getmək istəyəndə müştərinin səsini eşitdi, özünü bir qədər düzəldib sallanmış halda ayağa qalxdı.   - Ət neçəyədir? Qəssab müştərinin "salam” verməməsinə baxmayaraq "əleykəssalam” deyib piştaxda qarşısında dayanmış adamın suallarına uyğun gəlməyən cavablar verdi: - Haaa? Nəəə? Yooooxx... - Deyirəm ət neçəyədir, neçəyə satırsınız? - Ha, ət! Əətt...hmmm... Ha, ət...ıııııııı – başını qaşıyıb, fikirləşir - ət. Hə, nə yaxşı. Ət...hmmm...7, yox, yox 5 manata... - Bu qədər ucuz? - Ha! Nəəə? Neçəyədir? Ha, ət əladır, yaxşı ətdir, ucuzdur, həm də yaxşı. Biz onsuzda ucuz satırıq. Neçə kilo? - Yox, qalsın, almıram! - Almırsınız? Hə, almayın, yaxşı ətdir! Almırsınız, yox. Onda mən də sizə ət satmıram. Gedirsiniz? Ənnağı satır. Müştəri dodaqaltı mızıldanaraq bir müddət özünü məzəli aparan, qəribə görkəmli satıcıya nəzər salaraq uzaqlaşdı. Satıcı isə gözünü yaxınlıqdakı zibil vedrəsinə zilləyib burnunu qurdalayaraq özünün belə güclə eşidəcəyi səslə, etinasız əti tərifləməyə başladı: - Ət alın, yaxşı ətdir. Ən yaxşı ətdir, Ənnağı... Deyəcəyi sözün arxasını gətirə bilməyəcəyini başa düşdü, keçib eyni vəziyyətdə - çənəsini piştaxtaya dirəyərək gözlərini yarıyumulu vəziyyətdə ət parçalarının üstündə halay çəkən milçəklərə zillədi. Mobil telefonun boğunuq səsi eşidildi. Halını pozmadan əl atıb iri ət parçasının altında qalmış telefonunu götürdü, gözünün lap yaxınlığında saxlayaraq zəngi kəsilənə qədər baxdı və qaytarıb həminki yerinə qoydu. Ət almaq istəyən müştərinin səsi yenə də onun yatmaq həvəsinə soğan doğradı. Narazı halda ayağa qalxıb müştərinin ət parçalarını nəzərdən keçirməsini seyr etməyə başladı. - Neçəyədir? - Əti deyirsiniz? Ha, 5 manata. - Hə nə yaxşı, niyə bu qədər ucuz satırsınız? - Ha, bizdə ucuzdur, çünki biz ancaq yarmarkalarda ucuz ət satırıq? Yaxşı ətdir, biz həmişə yaxşı ət satırıq. Ənnağı heç vaxt öz müştərilərinə pis ət satmır. - Lap yaxşı, onda 4 kilo çəkin? - 4 kilo? Ha, indi çəkirəm, bu saat – deyib qəssab darıxdırıcı hərəkətlərlə, asta-asta ət kəsməyə başladı. Tez-tez cibindən çıxardığı dəsmalla alın tərini silən müştəri isə qəssabı tələsdirməsinə baxmayaraq o, heç halını da pozmurdu. Nəhayət bir təhər müştərini yola saldı. Bayaqdan bu yana bir dəfə də olsun müştərinin üzünə baxmayan məzəli adam indi onun arxasınca baxıb dodaqaltı nəsə pıçıldayıb öz-özünə gülümsəyirdi. Piştaxta qarşısında bayaqdan ondan ətin qiymətini soruşan müştəri qızdan isə xəbəri yox idi. Nəzərini piştaxtanın qarşısına çevirəndə xoşgörünüşlü qızı görəndə kepkasını bir az da geri itələdi. Qəribə bir təbəssümlə yenə də donub dayandı. - Neçəyədir? - Haaa. - Əti deyirəm, neçəyədir? - Sizin üçün konfet kağızına? - Eyyy, mən sizdən ətin qiymətini soruşuram, bir az ciddi olun! Haradan gətirirsiniz bu əti, heç gözümə yaxşı dəymir? - Mozambikdən. Satıcının ölgün vəziyyətdə verdiyi cavab o qədər məzəli alındı ki, qız gülməkdən qəşş eləyib az qala arxası üstə yeri yıxılmışdı. - Baxanda görünür ki, Mozambikdən gətirmisiniz, buraların malına heç oxşamır. Limon qabığı kimi saralıb. Nə ətidir? - İnək. Deyəsən camış – fikirləşir - yox, yox çəpiş, bəlkə quzu, ha, ha tapdım, dana. - Ölmüş? - Ölmüş? Ha, ölmüş. Yox, yox! Biz onu diri kəsirik, sonra ölür. - Heç inanmıram. Adamın ürəyini bulandırırlar. - Ha, bizim ət xalis heyvan ətidir. Yaxşıdır, pis deyil. Səhərdən çoxlu satmışıq, hamı alır. Heç kəs şikayət eləmir. Ənnağı yaxşı ət satır. Müştəri qız kinayə ilə: - Görünür, yaxşı ət olmağı. Kim öz ayranına turş deyər?! - Əlbəttə bizim ət yaxşıdır, yaxşı iyi var. - Amma iylənmiş corab qoxusu deyək buna! - Pis deyil yaxşıdır, ümumiyyətlə bizdə pis olmur. Eyy, almırsınızsa, xanım, xahiş edirəm bizim əti təhqir etməyin. Gedin burdan, müştərilərimizi qaçırmayın. Qız məzəli satıcının "ətimizi təhqir etməyin” sözünə o qədər güldü ki, satıcı onun qarşısında pərt vəziyyətə düşməmək üçün müştəriyə qoşulub özünə gülməyə başladı. Müştəri qız milçək basmış ət parçalarına şübhəli nəzər salıb nümunə üçün götürdüyü kiçik parçanı salfetə büküb çantasına qoydu. Cibindən çıxardığı kağıza qeyd apararaq asta yerişlərlə ət piştaxtasını arxada qoyaraq yaxınlıqdakı döngədə gözdən itdi. Səhərisi gün mətbuat yazırdı: "İlk baxışda məzəlidir. Lakin istəklərində zəhərli impulslar var. Çoxlu pul qazanmaq ehtirası ilə yaşayır, başqa heç nə fikirləşmir. Göz qabağındadır, ən peşəkar xəfiyyənin aşkar edəcəyi qədər gizli qatildir. Axşam işdən çıxıb evə gedəndə arxasında yüzlərlə cəsəd buraxacaq qədər güzəştsizdir. Onun məhv etmək üsulu dəhşətlidir, seçdiyi qurbanlarını həmin an yox, hər gün bir az, yavaş-yavaş, içindən yeyə-yeyə öldürür. Yarmarkadakı "məzəli adam” insanlara ölmüş heyvan əti satır”. Mənsur