Telekanalların özgələşdirdiyi uşaqlar

Azərbaycan telekanallarının problemləri barədə çox danışılıb, mütəmadi olaraq, bu haqda mətbuatda müxtəlif materiallar dərc olunub. Lakin keçən vaxt ərzində problemlər həllini tapmaq əvəzinə, dərinə lağım atıb. Qüsurların aradan qaldırılması üçün hansısa səylərin edilmədiyini də nəzərə alsaq, yaxın perspektivdə həll olunmayacaq kimi görünür. Məsələnin faciəvi tərəfi isə, telekanalların gündəmlə yox, insanların istəklərilə hesablaşmalarıdır. Bəlkə də belə deyil. Lakin gündəlik həyat şərtlərində sadə insan kütləsinin şou xarakterli proqramları ciddi-ciddi müzakirə etməsi bunu sübut edir. Məsələnin ciddiyyətini bilməyən insanlar telekanalları da, özlərilə uçuruma aparırlar. Halbuki dünya praktikasında media qurumları maarifləndirmə funskiyasını yerinə yetirən mənbə kimi qəbul olunur. Yəni telekanallar cəmiyyəti arxasınca aparmalıdır, cəmiyyət telekanalları yox. Azərbaycanın televiziya məkanı isə nəinki bu işi çiyninə yükləyib, ümumiyyətlə bunun nə olduğunu bilmir. Bilmədiyi üçün də efirlər toyxana, yasxana və şou-biznes müğənnilərinin paltar qarderobuna çevriliblər.

Özgələşdirilən uşaqlar

Həzmi yüngül proqramlar cəmiyyətə zərərli vərdişlər aşılamaqla yanaşı, onu mənəvi aşınma təhlükəsi qarşısında da qoyur. Müasirimiz olan azyşalı uşaqların çoxusu indi özləri deyillər. Bu proqramlar sayəsində "Aygün”, "Röya”, "Polat Ələmdar”, "Elgiz”, "Xoşqədəm” və başqalarıdır. Dəfələrlə belə ittihamlara görə, televiziya aparıcıları ya məhkəmələrə üz tutublar, ya da ağır ifadələrlə qarşı tərəfi təhqir ediblər. "İstəmirsənsə baxma!” – deyib üzlərinin alt qatlarını çeviriblər. Bəli, başa düşmək çətin deyil ki, bu "istəmirsən baxma” sözünün altında çox məna yatır. Lakin bilə-bilə bir cəmiyyəti uçuruma aparmaq cinayətdir. Telekanalların bu ölkənin ziyalısı, yazıçısı və şou nümayəndəsinə olan münasibətini ortaya qoyub. Ölkənin yazıçısını müğənnilərin ayağının altına verən Kamran Həsənli kimi "tamada ruhlu aparıcılar”ı bu telekanallarda olduqca, aparılan müzakirələrin praktiki nəticələri olmayacaq. Məsələ odur ki, bir çox telekanallar ciddi tarixi şəxsiyyətlər haqqında olan verilişlərə də şou ruhu qatırlar. Bunun adına türklər "skandal” deyirlər. Prosesin qarşısını kəsmək üçün bu yöndə efirlərini yas çadırlarına, şadlıq evlərinə çevirən telekanallara senzura tətbiq olunmalıdır.

Aparıcının söyüşünü "kompliment” kimi qəbul edən tamaşaçı

Problemin əsas tərəflərindən biri tele aparıcıların dil qüsurlarıdır. Aparıcıların çoxu efirdən nə gəldi danışırlar. Çıxışlarına rus, türk və bildikləri digər dillərdən sözlər qataraq, "mutant dil” kəşf edirlər. Digər yandan aparıcının tamaşaçını ən iyrənc formada söyərək efirdən çıxarması getdikcə adi hala çevrilir. Bir neçə gün əvvəl insanlar aşıq Ədaləti efirdə rəqqasə Aytənə söyməyə görə qınadılar. Bəli, qınanılmalı idi, Ədalət yaxşı hərəkət etmədi. Lakin qınamamaq da olar. Çünki bu gün ekran qarşısında əyləşib aparıcının söyüş söydüyünü görən bir çox kəs elə zənn edir ki, orada nədən istəsən danışa bilərsən, nə gəldi deyə bilərsən. Aparıcılar "efir mədəniyyəti” sözünü o qədər yedilər ki, axırda bitirdilər. İndi bulaşığı da qalmayıb. Söyüşün ardından aparıcının "efir mədəniyyəti” sözünü dilinə gətirməsi, orada kökü qazılmış məntiqin çoxdan quruduğu deməkdir. Problemin ən pis tərəfi isə, populyar aparıcının söyüşünə tamaşaçının gülməsidir. Bu kədərli mənzərədir.

Mənsur