"Azərbaycanda son illərdə ədəbiyyat sahəsində ədəbi tənqidin vəziyyəti, özünəbaxış nəzər-nöqtəsinin yüksəkliyi və özünə qarşı tələbkarlıq müəyyən qədər axsamağa başlayıb”. Bunları mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib. Ə.Qarayev bildirib ki, bu hal təkcə ədəbiyyatçünaslıqla məhdudlaşmır, həmçinin teatrşünaslıq, sənətşünaslıq və mədəniyyətin digər sahələrində analoji vəziyyət hökm sürür: "Tənqid olmasa, uzağa gedə bilmərik. Son zamanlarda Cənab Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqlar və bunların icrası çərçivəsində dünya ədəbiyyatının Azərbaycan dilinə tərcümə olunması, bədii kitabların nəşr olunması böyük bir prosesi əhatə edir. İnsanlarımızın bu gün dünya ədəbi prosesləri ilə tanış olmaları bizim ən böyük marağımızdır. Marağımızdadır ki, dünya ölkələrinin ədəbi mühitində baş verənlər Azərbaycan dilinə çevrilərək oxucularımıza çatdırılsın və müxtəlif yollarla Azərbaycan öz ədəbiyyatı ilə bu proseslərə daxil olsun”. Əbülfəz Qarayevin sözlərinə görə, dünyada kitaba diqqət və marağın azalması barədə fikir formalaşıb. Nazir ədəbiyyat adamlarını və insanları bu barədə düşünməyə çağırıb: "Son zamanlarda kitabxanalara üz tutan, orada oxu zalında oturub mütaliə edən insanların sayı azalıb. Lakin bu gün insanlar internetin rəqəmsal daşıyıcıları üzərindən təqdim olunan yüz minlərlə ədəbi əsərləri oxuyurlar. İnsan heç vaxt özünü ədəbiyyatsız hiss edə bilməz. Fəlsəfəmiz, təfəkkürümüz, həyatımız və gələcəyimiz dəyərli fikirlərdən asılıdır. Son zamanlarda Azərbaycan insanında kitaba doğru müsbət münasibətin dəyişdirilməsi və bu sahədə aparılan islahatlar dövlətin əsas hədəflərindən birini müəyyən edir. Paralel olaraq, Azərbaycan kitabı bu gün dünya bazarına çıxır, dünyanın ən nüfuzlu kitab yarmarkalarında nümayiş olunur. Biz müxtəlif ölkələrdə keçirilən təqdimatlarda müasir Azərbaycan ədəbiyyatı ilə yanaşı dövlətin yürütdüyü siyasəti, tariximizi və milli-mənəvi dəyərlərimizi dünya ictimaiyyətinə təqdim edirik. Çünki bu gün sübut etməliyik ki, Azərbaycan xalqının tarixi, fəlsəfəsi bəşəriyyət olduqca var idi və bu Vətəndə yaşayan yaradıcı adamlar, alimlər heç də, digər yerlərdə yaşayıb-yaradan insanlardan geri qalmırlar, onlardan irəlidədirlər. Nadir kitablarımızın, dəyərləri əsərlərimizin rəqəmsal daşıyıcılara köçürülməsi və onların gələcək nəsillərə yeni formatda təqdim olunması prosesi gedir. Bu çox mürəkkəb prosesdir və hesab edirəm ki, öhdəsindən layiqincə gəlirik”. "Hər əsər özünə görə bir zirvədir”
Əbülfəz Qarayev kitab sahəsində işləyən, bilavasitə kitabla məşğul olan, bu dövriyyədə yaşayan, yaradan insanlarla tez-tez təmasda olduğunu diqqətə çatdırıb. Nazir hər bir əsərin arxasında böyük əziyyət, həyəcan və daxili fikir mübadiləsinin olduğunu deyib. O, hər əsərin özünə görə, bir zirvə olduğunu da sözlərinə əlavə edib: "Hər bir yaradıcı insana yaradıcılığının zirvəsində qiymət verilməldir. Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə” kimi ədəbi mükafatları məhz həmin insanların yaradıcılığının qiymətləndirilməsi üçün nəzərdə tutulub. İnsanlarımız da yazılan əsərləri dəyərləndirməlidirlər. Yazılan əsərlərin Azərbaycan və dünyanın kitab məkanına çıxması üçün şərait yaradılmalıdır. Azərbaycan dövləti həmişə özünün yaradıcı insanlarını qiymətləndirib. Azərbaycan nəşriyyatları, poliqrafiyası, mətbuatı dövlət tərəfindən dəstəklənir, onların fəaliyyəti stimullaşdırılır”.
"Biz özümüzü sübut etməliyik”
Nazirin sözlərinə görə, Azərbaycanın fəlsəfi və təfəkkür daşıyıcıları qarşılarına başqa bir məsələni – özümüzü sübut etmək məsələsini qoymalıdırlar. Əbülfəz Qarayev qloballaşan dünyada bunun vacib amil olduğunu deyib. Ə.Qarayev qeyd edib ki, bizim ən çətin məsələmiz özümüzü sübut etməkdən ibarətdir: "Bizi özümüzü xarici ölkələrdə kifayət qədər güclü, böyük tarixə, böyük ədəbiyyata malik olan bir ölkənin nümayəndəsi kimi yetəri qədər təmsil edə bilmirik. Bu məsələni bədnam qonşumuz Ermənistanla müqayisə etsək görərik ki, ermənilər müxtəlif uydurmalar, yalanlar və şişirtmələrlə öz tarixini dünya ictimaiyyətinə təqdim etməyə çalışırlar. Biz isə, tariximizin heç dövründə başqalarına aid olanlara əlimizi uzatmamışıq. Nəticədə biz Azərbaycan tarixini düzgün qablaşdırıb təqdim etməyə çalışmalıyıq. Ermənilər Azərbaycan mədəniyyətinə, tarixinə aid olanların yanına öz uydurma faktlarını qoyaraq dünyaya təqdim etməyə çalışırlar. Bunun qarşısını almaq üçün Azərbaycanın yaradıcı adamları, alimləri diqqətli olmalıdırlar. Düzdür, həqiqətlər həmişə öz yerini tapır, çünki biz bu prosesləri idarə etməyi bacarırıq. Amma biz öz diqqətimizi bu yöndən çəkməməliyik. Bütün bunlar bizim ədəbi proseslərimizə də daxil olmalıdır”. "Dram əsərləri yazmağın vaxtı çatıb”
Nazir Əbülfəz Qarayev Azərbaycan teatrları barədə də danışıb. Ə.Qarayev vurğulayıb ki, teatrşünaslığın inkişaf etdirilməsi, insanların bu sahəyə marağının artırılması yönündə düşünmək lazımdır: "Yaradıcı adamlar bunun üçün ciddi ssenarilər və dram əsərləri yazmalıdırlar. Azərbaycan teatrlarının maddi-texniki bazası olduqca güclüdür. Yeni texnologiyalardan istifadə edərək çox gözəl teatr əsərləri yazmaq olar. Artıq dram əsərlərinə yer verilməyin vaxtı çatıb. Çağdaş Azərbaycanı əks etdirən dram əsərləri yazılmalı və səhnələşdirilməlidir. Azərbaycanın günü-gündən abadlaşmasını, inkişaf etməsini əks etdirən əsərlər barədə düşünməliyik, bu vacib məsələlərdən biridir”.
Mənsur Rəğbətoğlu