"ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında baş tutan telefon danışığı zamanı 3 əsas mövzu müzakirə olunub”.
BakuPost.azxəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu az öncə Trampla Putin arasında baş tutan və 1,5 saat davam edən telefon danışığına münasibət bildirərkən deyib.
O, Trampın Putin-Kim Çen görüşü barədə ətraflı məlumat almaq istədiyini bildirib: "ABŞ və Rusiya prezidentləri telefon danışığı zamanı Putinin Şimali Koreya lideri ilə görüşünü, Ukraynada prezident seçkisinin nəticələrini və Venesueladakı vəziyyəti müzakirə ediblər. Bəri başdan deyək ki, Ukrayna mövzusu Trampı o qədər də maraqlandırmır. Yəni Donbasdakı münaqişə ilə bağlı Minsk razılaşması yerinə yetirilir və ya yerinə yetirilmir, bu, Trampı az narahat edir. Ağ Ev sahibi Putinin Şimali Koreya lideri Kim Çen İnlə konkret nə danışdığını bilmək istəyib. Putin sadəlövh deyil, telefon söhbətində Trampa lazım olduğundan çox məlumat verməzdi”.
E.Şahinoğlunun sözlərinə görə, Venesuela mövzusu daha çox Putini narahat edir: "Çünki Rusiya lideri görür ki, Vaşinqton düyməyə basıb və Venesuelanın Prezidenti Niklolas Maduronu devirmək istəyir. Putin onu da yəqin bilir ki, Vaşinqtonun dəstəyi ilə Maduronun yerinə gələn istənilən prezident Venesuelanın xarici siyasətini Rusiya istiqamətindən döndərəcək. Rusiyanın Cənubi Amerikadakı tək qalası əldən çıxacaq, bu ölkənin enerji sahəsinə qoyduğu milyardlarla dollar yatırım batacaq. Ona görə də Putin də Trampın Venesuelada nə etmək istədiyini öyrənmək istəyib”.