Türkiyə “Fərat qalxanı” əməliyyatının üçüncü mərhələsinə başladı

Türkiyə Suriyada müxalif Azad Suriya Ordusu ilə birlikdə "Fərat qalxanı” əməliyyatının üçüncü mərhələsinə başlayıb.

 

APA-nın "Vatan" qəzetinə istinadən verdiyi məlumata görə, əməliyyatın bu mərhələsində məqsəd önəmli strateji mövqedə yerləşən Əl-Bab şəhərinin İŞİD terrorçularından azad edilməsidir. Əməliyyata Azad SuriyaOrdusunun 2 min 500 döyüşçüsü və 200 türk hərbçisi qatılıb. Bu sabah Türkiyə ordusuna məxsus çoxlu sayda tank və zirehli maşınlar Əl-Bab əməliyyatında komanda mərkəzi rolunu oynayan Çobanbəy qəsəbəsinə yerləşdirilib. Hazırda Türkiyə qırıcı təyyarələri və artilleriyası İŞİD mövqelərini bombalayır, müxalif Azad Suriya Ordusu və Türkiyə ordusunun zirehli birlikləri  Çobanbəydən 10 km uzaqlıqda olan Əl-Baba doğru irəliləyir.

 

Əl-Babın alınması Suriyada PKK terror təşkilatının qolu olan PYD-nin kürd zolağı yaratmaq arzusunun üzərindən birdəfəlik xətt çəkəcək, Afrin və Kobani kantonlarını birləşdirmək baş tutmayacaq.  Başqa sözlə, PKK Türkiyə sərhədi boyunca terror qurşağı yarada bilməyəcək. Digər tərəfdən, Əl-Bab müxalif Azad Suriya Ordusunun əsas qüvvələrinin cəmləşdiyi Hələb şəhərindən 45 km şimalda yerləşir. Buna görə də Əl-Babın alınması AzadSuriya Ordusu, ümumən Suriya müxalifəti üçün həyati önəm kəsb edir.

 

Əl-Bab əməliyyatında iştirak etmək üçün bu səhər Türkiyədən zirehli texnika ilə Çobanbəyə keçən 29 ABŞ xüsusi təyinatlısı isə Azad Suriya Ordusunun əsgərlərinin etirazından sonra Türkiyəyə geri dönməli olub.

 

Xatırladaq ki, Türkiyə ordusunun 24 gün əvvəl Azad Suriya Ordusu ilə başladığı "Fərat qalxanı” əməliyyatı çərçivəsində ilk gün Cerablus şəhəri İŞİD-dən azad edilib. Daha sonra isə Çobanbəy qəsəbəsi və Cerablus şəhəri arasındakı ərazilər azad edilərək İŞİD-in Türkiyə sərhədi ilə təması kəsilib.