Bu dostluq, qardaşlıq, müttəfiqlik var olduqca bizə zaval yoxdur

Bakının işğaldan qurtuluşunun 103-cü il dönümüdür. 1918-ci ildə Nuru Paşa komandanlığında imdadımıza yetişən Qafqaz İslam Ordusununun hər bir fərdini bu əziz gündə sevgi və rəhmətlə anır, daimi minnət borcumuzu ifadə edirəm. Tarix göstərdi ki, bizim qardaşlığımız zamana, şəraitə bağlı deyil, biz eyni kökün iki budağı, bir millətin iki dövlətiyik. Təsadüfi deyil ki, 102 il sonra, 44 günlük haqq savaşımızda da səsimizə ilk səs verən, bu dəfə siyasi dəstəyi ilə imdadımıza ilk yetişən məhz qardaş Türkiyə oldu və bu həmrəyliyimiz Vətən müharibəsində qələbəmizin əldə olunmasında müstəsna rol oynadı.

Bu gün Bakıda Şəhidlər Xiyabanında və bölgələrimizdə uyuyan Qafqaz İslam Ordusunun hər bir şəhidinin ruhu şaddır, çünki, uğrunda savaşdıqları bu vətən regionun ən güclü dövlətinə çevrilib. Yolunda can verdikləri birlik, bərabərik ideyaları bu gün yalnız dillərdə, könüllərdə deyil, həm də ən ali sənədlərdə, milli dövlətçilik tariximizin qızıl səhifəsi olan Şuşa Bəyannaməsində dünyaya meydan oxuyurcasına əks olunub. Bu gün Azərbaycan-Türkiyə strateji müttəfiqliyi yalnız qardaşlığımızın simgəsi yox, bütövlükdə bəşəri dəyərlərin, sülhün, sabitliyin qarantına, düşmənlərimizin qorxulu yuxusuna çevrilib. Bu dostluq, qardaşlıq, müttəfiqlik var olduqca bizə zaval yoxdur. Var olsun, Azərbaycan-Türkiyə qardaşlığı!

Qurtuluşun mübarək Bakı!

Paytaxtına xoş gəldin Türk əskəri!

 

Bəhruz Məhərrəmov

Milli Məclisin deputatı