Novruza qədər xüsusi adətlərlə qeyd olunan 4 çərşənbədən 3-cü yurdumuza öz qədəmlərini qoyur.
Sabahinfo.az xəbər verir ki, bu gün Yel çərşənbəsidir.
İnsanlar Novruza bir az daha yaxınlaşır, baharın gəlişini hiss etməyə başlayır. Əvvəlcə qorxulu yuxularını axar suya danışan, oddan atdanıb ağırlığını odda yandıran elimiz indidə Yel babadan öz diləklərinin yerinə yetməsini istəyər.
Yel çərşənbəsində əsən külək yazın gəlişindən xəbər verər. Hər çərşənbədə olduğu kimi, bu zaman da evlərdə süfrə açılar, həyətlərdə tonqal qalanar.
AMEA Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlilov Bakıvaxtı.az-a bildirib ki, Yel çərşənbəsi xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” adı ilə tanınır.
Müsahibimiz qeyd edib ki, məzar ziyarətlərinə görə bu çərşənbəyə "Ölü çərşənbə"də deyilir.
"Qara nəhrdə" yatmış dörd cür külək yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel ağ, qara yel qara, xəzri - göy, gilavar - qırmızı libasda təsvir edilir. Onlar birləşərək oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir.
Yel çərşənbəsi ilə bağlı atalar sözləri, tapmacalar, inanclar yaranmış və bu günümüzə qədər çatıb.
Yellə bağı atalar sözləri:
“Yelə tüpürsən öz üstünə qayıdar.
Yel qayadan nə aparar?
Yellə gələn sellə gedər.
Yel əsib qoz tökülüb”
Yellə bağlı tapmacalar:
“Hər yan ələk-vələkdir,
İsti tamam kələkdir
Dəyirmana can verər
Xırmana da gərəkdir”(( yel).
Yellə bağlı inanclar:
Yel çərşənbəsi gecəsi söyüd ağacının altına keçib niyyət elə və yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqları ağaca toxunsa, diləyin yerinə yetər.
Qeyd edək ki, Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi martın 19-na təsadüf edəcək.
Ölkəmizə yaz fəsli martın 20-də Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq.
Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.
Yel çərşənbəniz mübarək! Bahar yeli evlərinizə ruzi-bərəkət gətirsin! Əsən külək bütün dərdlərinizi aparsın!