Bir neçə ölkədən heyvan və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.
Bu barədə Sabahinfo.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, ABŞ-ın Tennessi ştatının Deyvidson dairəsində süngərvari ensefalopatiya, Tunisin Qafsa inzibati ərazi vahidində dabaq, Rusiyanın Yaroslav vilayətində və Meksikanın Aquaskalyentes ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Ona görə də Azərbaycan ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması məqsədilə ABŞ-ın Tennessi ştatının Deyvidson dairəsindən diri iribuynuzlu heyvanların və onlara aid qan və qan tərkibli məhsulların, sümükdən ayrılmamış ətin, mexaniki üsulla əldə olunan sümükdən ayrılmış ətin, 30 aydan yuxarı iribuynuzlu heyvanlardan alınan sümükdən ayrılmış ətin (30 aydan az olan iribuynuzlu heyvanlardan alındığına dair müvafiq baytarlıq şəhadətnaməsi ilə birlikdə zəmanəti ehtiva edən əlavə məktubla müşayiət olunan sümükdən ayrılmış ət istisna olmaqla), məhsuldar heyvanlar üçün yem kimi nəzərdə tutulmuş emal olunmuş iribuynuzlu heyvan zülalları (süd zülalları istisna olmaqla) və məhsuldar heyvanlar üçün yemlərin idxalına, Tunisin Qafsa inzibati ərazi vahidindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, Rusiyanın Yaroslav vilayətindən və Meksikanın Aquaskalyentes ştatından WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ərazilərdən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.